Türkiyə Hava Yolları ilk beynəlxalq uçuş nöqtəsində 75 yaşını qeyd etdi

THY Mətbuat Xidmətindən verilən məlumata görə...
Türkiyə Hava Yolları ilk beynəlxalq uçuş nöqtəsində 75 yaşını qeyd etdi

Beş fərqli qitədə 128 ölkə ilə ən çox beynəlxalq istiqamətə uçuşlar həyata keçirən Türkiyə Hava Yolları (THY) ilk beynəlxalq uçuş nöqtəsi olan Yunanıstanın paytaxtı Afinada 75 illik yubileyini qeyd etdi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

THY Mətbuat Xidmətindən verilən məlumata görə, ilk dəfə olaraq 12 fevral 1947-ci ildə Ankara-İstanbul-Afina marşrutu ilə beynəlxalq uçuşlara başlayan THY üçün bu uçuş xüsusi məna kəsb edir. Çünki ay-ulduzlu bayraq qürbətdə dalğalandı.

THY İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri, professor Əhməd Bolat düz 75 ildir ki, ilk dəfə ay-ulduzlu bayrağı ölkə hüdudları xaricində daşımaq şərəfinə nail olduqlarını söyləyərək deyib: "1947-ci il fevralın 12-də 30 yerlik təyyarəmizlə sərnişinlərimizi iki qonşu ölkə arasında daşıyarkən bu gün milyonlarla qonağımızı qitələri keçərək yaxınlarının yanına gətiririk. Dünyanın ən çox ölkəsinə uçuşlar edən aviaşirkət kimi göy üzündə türk qonaqpərvərliyi ilə qonaqlarımızı qarşılamağa və bayrağımızı qürurla dalğalandırmağa davam edirik”.

THY-nin Afina uçuşlarının 75-ci ildönümü fevralın 12-də İstanbul-Afina uçuşlarında xüsusi anonsla qeyd olunub. Sərnişinlər bunu alqışlarla qarşılayıblar.

75 il əvvəl 33 təyyarədən ibarət heyətilə ilk beynəlxalq uçuşunu gerçəkləşdirən THY hazırda 371 təyyarədən ibarət ən gənc komandası ilə 128 ölkəyə uçur.

Bütün xəbərlər Facebook səhifəmizdə