Prezidentin olduğu binanın yaxınlığında atışma baş verib

Prezidentin olduğu binanın yaxınlığında atışma baş verib

Prezident və baş nazirin iştirakı ilə Nazirlər Şurasının növbədənkənar iclasının keçirildiyi ölkənin paytaxtı Bisauda Qvineya-Bisau hökumət binası yaxınlığında atışma səsləri eşidilib. SİA xəbər verir ki, bu barədə “RFİ” radiostansiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Şuranın iclası atışma səbəbindən yarımçıq qalıb. Radiostansiyanın məlumatına görə, şəhərin mərkəzində atışma barədə məlumat yayıldıqdan sonra çaxnaşma başlayıb.

Qeyd olunur ki, indi paytaxtda hərbçilərin sayı artırılıb. Bir sıra dövlət idarələrinin ətrafında kordon yaradılıb.

Radiostansiya qeyd edir ki, atəş açanların motivləri hələlik məlum deyil.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Qvineya-Bisauda baş verən atışmadan narahat olduğunu bildirib, orada baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb.

"Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi bu çevriliş cəhdini pisləyir və ordunun prezident Umaro Şisoko Embalonun və onun hökumət üzvlərinin fiziki toxunulmazlığına görə məsuliyyət daşıdığını bildirir", deyə icmanın bəyanatında qeyd edilir.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi hərbçiləri kazarmalara qayıtmağa çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə