Çin və Mərkəzi Asiya ölkələrinin liderləri virtual görüşdə bir araya gəliblər

Çin Xalq Respublikasının Sədri Si Cinpin Mərkəzi Asiyanın 5 ölkəsinin lideri ilə yanvarın 25-də virtual formatda keçirilən görüşə ev sahibliyi edib.

SİA xəbər verir ki, görüş Çinlə Mərkəzi Asiyanın 5 dövləti – Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunub.

Görüşdə tərəfləri maraqlandıran məsələlər, əməkdaşlıq imkanları müzakirə olunub.

Sədr Si Cinpin virtual görüşdə Çin ilə Mərkəzi Asiya ölkələri arasında uğurlu əməkdaşlığın əsas məqamının qarşılıqlı hörmət, yaxşı qonşuluq və dostluq, həmrəylik və qarşılıqlı fayda olduğunu deyib.

Çinin regionun sabitliyini və inkişafını dəstəklədiyini vurğulayan Cinpin deyib:

“Beynəlxalq şəraitin necə inkişaf etməsindən və ya Çinin nə qədər böyüməsindən asılı olmayaraq, biz həmişə Mərkəzi Asiya ölkələrinin güvənə biləcəyi yaxşı qonşu, tərəfdaş və qardaş ölkə olaraq qalacağıq”.

Çinin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da inkişaf etdirmək və birgə gələcək qurmaq istədiyini vurğulayan Cinpin region ölkələrinə yeni növ koronavirus (Covid-19) peyvəndi, dərman və epidemiyadan qorunma materiallarının tədarükündə dəstək göstərəcəyini vəd edib.

Bu il Orta Asiya ölkələrinə 50 milyon doza peyvənd verəcəklərini vurğulayan Cinpin bu sahədə texnologiya və bilikləri region ölkələrinə ötürməyi hədəflədiklərini də bildirib.

O, həmçinin, Çin ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin ölkələr müstəqillik əldə etdikdən sonra son 30 ildə 100 dəfə artdığını, Pekinin region ölkələrinə birbaşa investisiyalarının isə 14 milyard dollara çatdığını vurğulayıb.

Çinin 2013-cü ildə Qazaxıstanda keçirilən toplantıda ilk dəfə irəli sürdüyü “Bir Kəmər və Yol Təşəbbüsü” çərçivəsində layihələrin Çin ilə Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafı üçün açar olduğunu vurğulayan Çinin dövlət başçısı ölkəsinin böyük bazarını Mərkəzi Asiya məhsullarına açmağa hazır olduğunu bildirərək, 2030-cu ilə qədər ikitərəfli ticarəti 70 milyard dollara çatdırmağı hədəflədiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...