“Taliban nümayəndələri ilə görüş lazım idi”

Store Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib...

Norveçin Baş naziri Yonas Qar Store (Jonas Gahr Store) ölkəsinin ev sahibliyi ilə Taliban nümayəndələri ilə reallaşdırılan görüşlərin lazımlı olduğunu bildirib.

SİA xəbər verir ki, “Voice of American”ın xəbərinə görə, Store Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib: “İnsan haqları təşkilalarının etirazlarına baxmayaraq, 23-25 yanvar tarixlərində Osloda Taliban nümayəndələri ilə görüşdük. Bu, lazım idi. Ancaq yığıncaqlar Taliban hökumətini tanımaq mənasını vermir. Görüşlər Əfqanıstandakı humanitar böhranın qarşısını almaq üçün atılan ilk addımdır. Talibana qarşı beynəlxalq gözləntilər və mesajları bilirik. Amma Norveçdə keçirilən görüşləri "səmimi" və "ciddi" adlandırmaq olar.

Əfqanıstanda 1 milyon uşaq aclıq təhlükəsi ilə üz-üzədir. Əhalinin yarısı köməyə möhtacdır. Bağlı qapılar arxasında reallaşan görüşlərdə ölkəyə ediləcək humanitar yardımlarla yanaşı, Əfqanıstan qadınlarının təhsili və Taliban hökumətinin tolerantlığı məsələləri də müzakirə olundu.”

Qeyd edək ki, Osloda Taliban heyəti ilə bir araya gələn Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson “twitter”dən etdiyi paylaşmada “görüşlərdə Əfqanıstan təhsil ilinin başladığı martda ilk və orta dərəcəli məktəblərin qız və oğlanlar üçün açıq olması gərəkliyindən" yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...