Paşinyan: "Mən Antalya Forumuna qatıla bilərəm"

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesinə çox ciddi və səmimi yanaşdıqlarını bəyan edərək, danışıqların hazırkı tempdə davam edəcəyi təqdirdə Türkiyənin dəvətini qəbul etmək və Antalyada planlaşdırılan Diplomatik Forum görüşlərində iştirak etmək istədiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ermənistanın baş naziri Paşinyan İrəvanda jurnalistlərlə görüşündə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini sona çatdırmaq niyyətində olduqlarını bildirib.

Bu dəfə danışıqların 2009-cu ildən fərqli əsasda başladığını vurğulayan Ermənistanın baş naziri, “Türkiyə ilə normallaşma danışıqlarına səmimi, yenidən başlayan prosesə çox ciddi yanaşırıq. Əvvəlki uğursuz cəhddən əldə etdiyimiz təcrübələri nəzərə alaraq, qonşumuzla qeyd-şərtsiz normallaşmanı tamamlamağı hədəfləyirik. Təbii ki, bu yolda hər şey bizdən asılı deyil. Ancaq məndən soruşsanız, hesab edirəm ki, məntiqə görə, danışıqların sonunda sonda ölkələrimiz arasında diplomatik əlaqələr qurulacaq və aramızda sərhəd açılacaq”, deyə ifadə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə