Çinin BMT-dəki nümayəndəsi bütün tərəfləri danışıqlara çağırıb UKRAYNA İLƏ BAĞLI

Çinin BMT-dəki səfiri Çjang Zyun Ukrayna ilə bağlı vəziyyətlə əlaqədar bütün tərəfləri danışıqlara, dünyanın bütün dövlətlərini Pekin Olimpiadası ilə bağlı Olimpiya atəşkəsi rejiminə riayət etməyə çağırıb. SİA xəbər verir ki, səfir Çjang Zyun bunu jurnalistlərə deyib.

"Atəşkəs atəşkəsdir. Mən indi konkret situasiyaları şərh etmirəm. Çox arzu edirəm ki, bütün ölkələr və hazırkı münaqişə tərəfləri Olimpiya atəşkəsi ilə bağlı qətnaməni yerinə yetirsinlər", deyə Çjang Zyun bildirib.

"Ukraynadakı vəziyyətə gəlincə, biz Rusiyadan eşitmişik ki, o, heç bir müharibəyə başlamayacaq. Ukraynadan isə eşitmişik ki, onların heç bir müharibəyə başlamaq niyyəti yoxdur. Ona görə də indi biz bütün müvafiq tərəfləri danışıqlara çağırmalıyıq. Danışıqları masa arxasında davam etdirin və dialoq yolu ilə həll tapın”, deyə səfir əlavə edib.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib və qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar daha çox NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə