Ərəb Birliyi husilərin BƏƏ-yə hücumları ilə bağlı təcili toplanır

Ərəb Birliyi Yəməndəki İran dəstəkli husilərin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı hücumları ilə bağlı 23 yanvarda təcili toplanma qərarı verdi.

SİA-nın məlumatına görə, Misirin paytaxtı Qahirədə Ərəb Birliyi daimi nümayəndələr səviyyəsində bir araya gələcək.

Küveytin Ərəb Birliyindəki daimi nümayəndəsi Əhməd əl-Bəkr fövqəladə yığıncağın BƏƏ-nin istəyi, Küveyt və digər ərəb ölkələrinin dəstəyi ilə qərarlaşdırıldığını söyləyib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu Dabinin Musaffah bölgəsinə husilərin 17 yanvarda pilotsuz uçan aparatla (PUA) edilən hücumu nəticəsində 3 yanacaq tankerində partlayış olub, 3 adam ölüb, 6 nəfər yaralanıb.

Husilərin hərbi sözçüsü Yəhya Seri Dubay və Abu Dabi aerodromları ilə Musaffah bölgəsindəki neft neftayırma zavodunu İran istehsalı “Qüds-2”, “Zülfüqar” balistik mərmiləri və silahlı PUA-larla vurduqlarını söyləyib.

BƏƏ Xarici İşlər Nazirliyi hücumdan sonra etdiyi şərhdə isə bildirib: "Husi milislərin BƏƏ torpaqlarını və vətəndaşların olduqları yerləri hədəfə alan hücumlarını qınayırıq. Bu hücum cəzasız qalmayacaq. BƏƏ bu terror hərəkətlərinə və gərginliyin artırılmasına qarşı cavab haqqını gizli saxlayır."

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...