Poroşenko Zelenskiyə çağırış edib BİRLƏŞMƏK BARƏDƏ

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko hazırkı dövlət başçısı Vladimir Zelenskini birləşməyə çağırıb, lakin onların dost olmayacaqlarını qeyd edib. SİA xəbər verir ki, Poroşenko bu sözləri “Savik Şusterin Azad Sözü” tok şousunun efirində deyib.

"Zelenski dəqiq bilirəm ki, mənim dostum olmayacaq, mən bunu bilirəm. Amma bu gün çağırış edirəm ki, biz hamımız təhlükə, real təhlükə qarşısında birləşməliyik, çünki təhlükəni qiymətləndirməmək də cinayətdir. Mən Ukraynanı xilas etmək üçün hər kəsi qorxutmaq istəmirəm. Çünki Ukrayna güclü olanda mübarizə apara bilər, birləşəndə də güclüdür”, deyə o, tok-şouda bildirib.

Poroşenkonun sözlərinə görə, 2022-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir dənə də olsun iclası baş tutmayıb, çünki bu qurum PR alətinə çevrilib. Keçmiş dövlət başçısı strateji ehtiyatların toplanması üçün vəsaitlərin yenidən bölüşdürülməsi məqsədilə Ali Radanın növbədənkənar iclasının çağırılmasını və dövlət büdcəsinə dəyişikliklərin qəbul edilməsini təklif edib.

Qeyd edək ki, çərşənbə günü Kiyev məhkəməsi Poroşenkonu dövlətə xəyanət işi üzrə şəxsi öhdəliyinə görə azad edib, onu xaricə getməmək üçün pasportlarını təhvil verməyə və müstəntiqin icazəsi olmadan Kiyevdən və regiondan kənara çıxmamağa məcbur edib. Poroşenko bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək, çünki bu, onun siyasi fəaliyyətinə mane olacaq. Ukrayna Baş Prokurorluğu cümə günü Poroşenkonu həbs etməyən məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə