Senator Baydenin təhdidlərinə cavab verdi DOLLAR ƏMƏLİYYATLARI QADAĞASI BARƏDƏ

Rusiya banklarının dollarla işləməsinə qoyulan qadağa ABŞ-ın özünə daha çox zərbə vuracaq, çünki dünyanın böyük dövlətləri, ilk növbədə Çin bu valyutadan imtina edəcək. SİA xəbər verir ki, bu sözləri Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden daha əvvəl bildirib ki, Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya bankları dollarla əməliyyatlar apara bilməyəcək.

"Dollar ilə işləmək qadağası, ilk növbədə, ABŞ-ın özü üçün dəhşətli olacaq. Bütün dünya gücləri hər an banklarının imkanlarını itirə bilsələr, bu valyutaya sərmayə qoymağın onlar üçün sərfəli olub-olmaması barədə düşünəcəklər və ilk növbədə, bu, Çin olacaq", deyə Cabarov bildirib.

Onun fikrincə, Amerika iqtisadiyyatı elə bir vəziyyətdədir ki, o, bu cür anti-Rusiya sanksiyalarına tab gətirə bilməz.

“Aydındır ki, siyasətçilər Bayden üçün belə bəyanatlar hazırlayırlar, lakin iqtisadçılar bütün bunları görmürlər”, deyə senator əlavə edib.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib və bəyan edib ki, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya öz ərazisi daxilində və öz mülahizəsinə əsasən qoşun yeridir, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...