Beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətlər götürülür?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri qaldırmağı və ya yüngülləşdirməyi tövsiyə edib.

SİA-nın məlumatına görə, bu barədə komitənin Cenevrədə yayılan bəyanatında vurğulanıb.

Bildirilib ki, nəqliyyat əlaqələrini qadağan etməklə koronavirusun omicron ştamının transsərhəd yayılmasının qarşısını almaq cəhdi səmərəsizdir.
Komitə hesab edir ki, ölkəyə giriş üçün yeganə vasitə və ya şərt kimi beynəlxalq səyahətlər üçün COVID-19-a qarşı peyvənd edilməsi barədə sənəd tələb edilməməlidir.

Eyni zamanda, komitə dünya ictimaiyyətini koronavirusun heyvanlardan insanlara və insanlardan heyvanlara keçməsi halları ilə bağlı “epidemioloji araşdırmalar aparmağa” çağırıb.

Qeyd edək ki, ÜST-ün Fövqəladə Hallar Komitəsi təşkilatın baş direktorunun tövsiyəsi əsasında 18 ekspert və 12 məsləhətçidən ibarət heyətlə üç aydan bir toplanır.

Bütün xəbərlər Facebook səhifəmizdə