Erməni ümidini qırmamağa hesablanan proqnoz

Əslində, bu elə də bir yenilik deyil. Belə ki, bu gün ermənilərin iqtisadiyyat naziri Vahan Kerobyanın elədiyi əməl əksər dövlətlərin ayrı-ayrı məmurları arasında müşahidə edilib. Təbii ki, belə hadisələrə bənzəri elə bizdə də yaşanıb. Məsələn, mən məmur tanıyıram ki, verdiyi vədin həyata keçməyəcəyi təqdirdə, papağını çıxarıb başına güllə çaxacağına söz vermişdi. Amma sonradan onun verdiyi vəd reallaşmasa da, o papağını başından cıxarmadan dediyi sözün altından sivişb çıxdı. Hətta bunu sonradan hərbdən uzaqlığı, yəni silahdan yaxşı davrana bilməməsi ilə əlaqələndirdi.

Nə isə, mətləbdən uzaqlaşmayaq...

Beləliklə, təxminən bir il əvvəl erməni nazir Vahan Kerobyan ermənilər qarşısında etdiyi çoxsaylı çıxışlarının birində onları 2021-ci ilin sonuna kimi ikirəqəmli iqtisadi artımla təmin edəcəyinə söz vermişdi. Belə ki, o qəti əminliklə qarşıdkı illərdə, hələlik bütün ermənilər olmasa da, amma onların əksər hissəsini var-dövlətə “qərq edəcəyinə” söz vermişdi. Təbii ki, erməni iqtisadiyyat naziri xalqı qarşısında dediklərini reallaşdırmayacağı təqdirdə elə həmən gün vəzifəsindən istefa verəcəyini də bildirmişdi.

Maraqlıdır ki, bu gün Ermənistan iqtisadiyyatı Kerobyanın dediyi “ikirəqəmli artıma” yaxınlaşmasa da, amma nazir hələ ki, istefa verib-verməyəcəyi barədə cınqırını belə çıxarmır. Hətta o gün ona bununla bağlı xatırlama edib, bu cür davranışı ilə o, öz nüfuz və şəxsiyyətinə olan inamını itirdiyini bildirənlərdə, o irişərək “siz bunu elə də ciddiyə almayın” cavabını verib. Ən maraqlısı isə onun bu məsələ ilə bağlı BVF, DB, AİB və digər nüfuzlu beynəlxalq təşkilatların da proqnozlarında yanlışlıqlıqlara yol verə biləcəyini nümunə kimi göstərməsidir.

Yeri gəlmişkən, bu arada Kerobyanı yalan danışmaqda ittiham edən “Hayastan” fraksiyasından olan deputat Areknaz Manukyan bundan sonra onun sözlərinə və bəyanatlarına heç bir erməninin inanmayacağını bəyan edib.

Deyim ki, Kerobyan da Manukyanı cavabsız qoymayıb. Belə ki, o verdiyi yalan bəyanatın ermənilərdə ölkənin gələcəyinə ümid oyatmağa hesablandığını bidirb.

Qeyd edək ki, bu gün dünyanı ağuşuna alan və təbii ki, Ermənistandan da yan keçməyən bahalıq bu ölkədə özünü daha qabarıq şəkildə göstərir.

Amma maraqlıdır ki, bu gün bəzi erməni rəsmilərinin qarşıdakı il üçün verdikləri proqnozlar bir sıra beynəlxalq təşkilatların bu ölkə ilə bağlı verdikləri proqnozları xeyli üstələyir. Təbii ki, bu da Kerobyan demiş, ermənilərin gələcəyə ümidini qırmamağa, onların Ermənistanı qoyub qaçmamasına hesablanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə