Ermənistanla ilk tur müsbət nəticələndi

Ermənistanla ilk tur müsbət nəticələndi

2009-cu ildə Sürixdəki ilk uğursuz cəhddən sonra Türkiyə ilə Ermənistan nümayəndə heyəti bu dəfə Moskvada münasibətləri normallaşdırmaq məqsədi ilə bir araya gəliblər. Türkiyəni səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin sədr müavini Ruben Rubinyan təmsil edib. 13 ildən sonra bu ilk təmas sayılır. Prezident Vladimir Putin vacib görüşüün keçirilməsi üçün Morozov qəsrinin açılması barədə göstəriş verib.

Dünən səhər saat 12:00-da nümayəndə heyətinin qəsrə gəlişi ilə görüş başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayəndə heyətində hər iki ölkənin Moskvadakı səfirləri də iştirak ediblər. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bağlı qapılar arxasında keçirilən görüş, saat yarım davam edib. Tərəflər görüşün məzmunu ilə bağlı məlumat paylaşmasa da, Türkiyə Xarici İşlər Nazirliyi ilk təmasın “müsbət” olduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada “Konstruktiv atmosferdə keçən ilk görüşdə Türkiyə və Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər heç bir ilkin şərt qoyulmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar”, deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ikinci turun iclasının yeri və vaxtı daha sonra müəyyənləşəcək. Digər tərəfdən, diplomatik mənbələr ikinci və üçüncü turların Ankara və İrəvanda keçirilə biləcəyini bildirib və iki xüsusi nümayəndə arasında birbaşa əlaqə kanallarının yaradılması müzakirə edilib. Ermənistan Xarici İşlər Nazirliyi isə ilk görüşlə bağlı verdiyi açıqlamada “bunun ilkin şərt olmamalı” olduğunu vurğulayıb.

Görüşdən əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan “Ermənistan Türkiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu kontekstdə Ermənistanın münasibəti dəyişməyib. Biz Türkiyə hökumətinin də ilkin şərt olmadan dialoqa başlamaq yanaşmasını bölüşdüyü qənaətindəyik”, deyib.

Unanyan İrəvanın danışıqlardan əsas gözləntisini belə izah edib: “Türkiyə ilə başladığımız yeni prosesdən əsas gözləntimiz sonda diplomatik münasibətlərin qurulması və iki ölkə arasında quru nəqliyyatının açılmasıdır. İlk turdan möcüzə gözləmək lazım deyil. Moskvadakı ilk təması görüş mərhələsi adlandırmaq daha doğru olar”.

Görüşün moderatoru, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəstəklədiklərini ifadə edərək, “Rusiya olaraq biz bunu qəbul etmirik. Danışıqlarda iştirak etmək üçün bizim rolumuz görüşün zəminini yaratmaqdan ibarət idi”, deyə bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə