Taliban nümayəndə heyəti Türkmənistana yola düşüb DANIŞIQLAR ÜÇÜN

Taliban nümayəndə heyəti Türkmənistana yola düşüb DANIŞIQLAR ÜÇÜN

Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakinin başçılıq etdiyi Taliban nümayəndə heyəti ticarət, enerji və TAPI qaz kəməri ilə bağlı danışıqlar aparmaq üçün Türkmənistana gedib. SİA xəbər verir ki, bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyindəki mənbə RİA Novostiyə məlumat verib.

“Nümayəndə heyəti Türkmənistanın dəvəti ilə Türkmənistan rəsmiləri ilə ikitərəfli ticarət, enerji, dəmir yolları, TAPI layihəsi və təqaüdlər üzrə danışıqlar aparmaq üçün Aşqabada uçub”, deyə mənbə bildirib.

Xatırladaq ki, Türkmənistan ərazisində 1814 kilometr uzunluğunda və ildə 30 milyard kubmetr təbii qaz ötürmə qabiliyyətinə malik Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisinə 2015-ci ilin dekabrında başlanılıb. Əfqanıstandaxili münaqişə ilə əlaqədar olaraq Əfqanıstan ərazisindən keçməli olan TAPI hissəsi ən problemli hesab olunurdu. Bundan əvvəl Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatının nümayəndələri TAPI qaz kəmərinin tikintisinə maraq göstərdiklərini bəyan etmişdilər.

Qeyd edək ki, Taliban terror fəaliyyətlərinə görə BMT-nin sanksiyaları altındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə