Qazaxıstanda KTMT-nin sülhməramlı missiyasında iştirak edən Qırğızıstan hərbçiləri vətənlərinə qayıdıblar. SİA xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan Respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstanda KTMT-nin sülhməramlı missiyasında iştirak edən Qırğızıstan silahlı qüvvələrinin kontingenti geri qayıdıb", deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, sülhməramlılar Qırğızıstan sərhədini keçərək Tokmak şəhərindəki daimi dislokasiya məntəqəsinə gediblər.
KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasında 150 Qırğızıstan hərbçisi və 19 vahid texnika iştirak edib, onlar Alma-Atada strateji obyektlərin mühafizəsini öz üzərlərinə götürdülər.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1,3 mindən çoxu yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB