Putini Ukrayna işğalından nə çəkindirə bilər? - POLİTOLOQ AÇIQLADI

Putini Ukrayna işğalından nə çəkindirə bilər? - POLİTOLOQ AÇIQLADI

"Rusiya prezidenti Vladimir Putini Ukrayna işğalından çəkindirmək üçün ABŞ, NATO və Avropa Birliyi bir sıra fəaliyyət mexanizmlərini işə salıb. Təhdid dolu mesajlar ünvanlanır. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, əsas etibarilə sanksiya siyasətinin sərtləşdirilməsi ilə bağlı iddialar irəli sürülür: “Rusiya tərəfi isə geosiyasi ambisiyalarından, qarşıya qoyduğu məqsədlərindən çəkilməkdə maraqlı deyil. Bu baxımdan Ukrayna ətrafında münasibətlər daha da gərginləşməkdədir.

Nəzərə almaq lazımdır ki, 2021-ci ildə Putin və Bayden arasında qurulan təmaslar, həyata keçirilən danışıqlar böyük ölçüdə Ukraynanın ətrafında yaranmış vəziyyətin stabilləşməsinə yönəlib. Lakin görünür ki, diplomatik, siyasi müstəvidə danışıqlar yetərsizdir. Bu siyasi dialoqun davam etdirilməsinə ehtiyac vardır. Eyni zamanda post-sovet məkanında da Rusiya öz maraqlarını daha da genişləndirməkdə maraqlıdır. Bu siyasət davam etdirilir. Mərkəzi Asiyada həyata keçirilən fəaliyyət də bunun tərkib hissəsidir. Qərb tərəfindən diqqətlə izlənilən məqamdır. Buna görə də Ukraynanın Cənub Şərqində olan vəziyyətdə Rusiya da öz ambisyalarından bir addım da geri çəkilmir. Buna görə də vəziyyətin məhz siyasi, eləcə də iqtisadi zəmində həll edilməsini düşünən Bayden Administrasiyası Rusiyanın iqtisadi sanksiyalar paketinin daha da sərtləşdirilməsi haqqında düşünür. Bu xüsusda Avropa İttifaqının bir sıra üzvləri Rusiyaya qarşı açıq mesajlar səsləndirirlər. Bu mesajların əsas konteksti Rusiyanı Ukrayna ətrafında qoşun cəmləməkdən çəkindirmək və hücum planı ilə bağlı NATO strateqlərinin irəli sürdüyü ittihamların əsasında Ukraynanın ərazi bütövlüyünə hörmətin nümayiş olunmasıdır. Ukrayna tərəfi də təbii ki, ərazi bütövlüyü məsələsini önə çəkərək həm Krımı aradan qaldırmaq, həm də ölkənin Cənub Şərqində yaranan separatçı qurumları ləğv etmək üçün suverenlik mücadiləsi aparır. Bu savaşda Qərb Ukraynanın yanındadır. Lakin maraqlıdır ki, Ukraynanın NATO-ya üzvlüklə bağlı müraciətinə Qərb tərəfindən müsbət dəstək verilmir. Ukraynada korrupsiya hallarının geniş vüsət alması ölkədə demokratik azadlıqların bərqərar olunması tələbi ilə Ukraynanın namizədlik məsələsinə qeyri-müəyyən baxılması haqqında qərar qəbul olunub. Bu da Ukraynanın ərazi bütövlüyü ilə bağlı təhdidləri daha da çoxaldır. Belə olan təqdirdə Rusiya da Ukraynanın NATO-ya üzvlüyünə qəbul olunmaması və olunmayacağını düşünərək Ukraynanın xarici siyasət strategiyasında çəkindirici mexanizmləri işə salır. Burada Rusiya Ukrayna sərhəddinə qoşunları cəmləşdirmək və hücumların qurulması ilə bağlı media seqmentinə məlumatların transferi məhz bu cür qiymətləndirilə bilər. Eyni zamanda qlobal konteksdə də NATO Rusiya qarşıdurmasını görürük.

Rusiya tərəfinin əsas tələbi təhlükəsizlik zəmanəti ilə bağlı istəklərin yerinə yetirilməsidir. Bu xüsusda artıq diplomatların görüşləri də keçirilib. Ümid edirəm ki, tez bir zamanda danışıqlar masası arxasında bütün problemlər öz həllini tapacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə