Kim çirkaba bulaşarsa cəzası ağır olacaq - SƏRT MÖVQE BİLDİRİLDİ

Kim çirkaba bulaşarsa cəzası ağır olacaq - SƏRT MÖVQE BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyevin ölkə mətbuatı nümayəndələrinə müsahibəsi özünün səlis, ədəbi dildə verilməsi və məntiqli olması ilə diqqəti çəkdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Deputat bildirib ki, özünün Milli Məclisdə qaldırdığı bir sıra Azərbaycanın inkişafına mane olan cəhətlər, o cümlədən korrupsiya, kadr siyasəti ilə bağlı məsələlərə də cənab Prezident ötən gün yerli KİV-ə verdiyi müsahibəsində aydınlıq gətirib: “Hətta cənab Prezident dedi ki, bəzən işçilərə etimad edirsən, əvvəl riayət edirlər, amma sonradan yenə də çirkaba bulaşırlar. Əgər kimsə dəmir barmaqlıq arasında özünü görmək istəmirsə elə indidən ərizəsini yazıb, getsə yaxşıdır. Yəni, bu çox ciddi bir məsələdir. Əslində cənab Prezident saflaşma, şəffaflaşma siyasətini elan etdi. Bizim niyyətimiz budur. Düşünürəm ki, bütün məmurlar bunu düşünməlidir. Ümumiyyətlə korrupsiya sisteminə qarşı ciddi mübarizə aparılmalıdır. Cənab Prezident açıq qeyd etdi ki, “ASAN Xidmət" bizim Azərbaycan brendidir. Hər yerdə artıq filialları fəaliyyət göstərməlidir. Korrupsiya və bu kimi hallar aradan qaldırılmalıdır. Ümumiyyətlə bu xalqımızı çox narahat edən məsələlərdir.

Mən Milli Məclisdə çıxışım zamanı da bahalaşma ilə bağlı məsələləri qeyd etmişdim. Yeri gəlmişkən cənab Prezident bu məsələlərə də öz fikrini kəskin şəkildə bildirdi. Yəni çox geniş, Azərbaycan xalqının iqtisadi, sosial inkişafına, beynəlxalq məsələlərə dair müfəssəl və geniş məlumat verdi. Cənab Prezident bir çox məsələlərə aydınlıq gətirdi. Hətta heç vaxt demədiyi məlumatları belə verdi. Məsələn, Ermənistanda dislokasiya olan Rusiya qoşunlarının sərhədə gəlməsi, onların arxasından ermənilərin atəş açması kimi məsələlər də müzakirə olundu. Yəni çox ciddi bir müsahibə idi. Hesab edirəm ki, bundan sonra məmurlar daha çox diqqətdə saxlanılacaq. Çünki cənab Prezident özü də qeyd etdi ki, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Kim çirkaba bulaşarsa cəzası sərt olacaq. Bu barədə Prezidentin xəbərdarlıqları olub. Mən bir hüquqşünas, millət vəkili kimi bunu təqdir edirəm. Hesab edirəm ki, hər kəs öz dərsini götürməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə