Ev heyvanlarına münasibət NECƏ OLMALIDIR? - SORĞU

“Mən həmişə evində heyvan bəsləyə bilən insanlara həsəd aparmışam. Qayğı göstərmək asandı, onu hər yerdə göstərmək olur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı deyib.

“Küçədəki heyvanlara qida alıb verirlər və ya onların isti məkanda yatması üçün şərait yaradırlar. Lakin, evin içində bir canlı ilə birlikdə yaşamaq artıq sevginin heyvanlara qarşı ifadə olunma formasıdır. Şəxsən mən heyvanlara qarşı nə qədər mülayim, sevgi dolu, mehribanamsa, amma evin içində bir canlı ilə özümü təsəvvür edə bilmirəm. Onu evdə saxlamağa, bəsləməyə hələki özümü hazır hiss etmirəm. Bunu edən insanlara isə həmişə həsəd aparmışam ki, içlərindəki sevgi necə də böyükdür. Onlar heyvanı evində saxlayır, ona qayğı göstərir, onun peyvəndləri, qidası üçün işləyib pul toplayır. Hətta bəzi insanlar özü illərlə eyni paltarda gəzirlər, amma evində olan heyvanının peyvəndini, qidasını axsatmır. Bu, insan mərhəmətinin ən ali formasıdır. Heyvanlara təzyiq göstərən, zülm edən insanlara gəldikdə isə məncə, onlar artıq insan deyil. Səhv etmirəmsə, Məhəmməd Peyğəmbərimizin bir sözü var ki, “Heyvanlara edilən zülm bağışlansaydı, hər biriniz bağışlanardız”. Yəni hər kəs ömründə bir dəfə də olsa hər hansı bir formada bilərəkdən və ya bilməyərəkdən heyvana qarşı zorakılıq həyata keçirib. Bəlkə mən də etmişəm, lakin bunun fərqində olmamışam. Ancaq hesab edirəm ki, heyvanlara mərhəmət, qayğı göstərmək sevginin, insanlığın ən ali nöqtəsidir. Çünki, onlara sevgi göstərdikdə qarşılıq gözləmirik. Tutaq ki, hər hansı bir insana sevgi münasibəti bəsləyiriksə, ondan qarşılıq gözləyəndə pis oluruq, üzülürük. Lakin, heyvanlara sevgi göstərəndə ondan qarşılıq almaq üçün göstərmirik. Bu sevgini içimizdən gəldiyi üçün belədir. Mən həmişə heyvanlara göstərilən mərhəmətlə övlada göstərilən mərhəməti müqayisə edirəm. Biz övladımıza da mərhəmət edəndə, sevgi göstərəndə ondan qarşılıq gözləmirik. Onu təmənnasız sevirik. Eləcə də heyvanlara göstərilən məhəbbət, sevgi təmənnasız olur. Bir tərəfdən də yaxşı olar ki, həmişə insanlar bu məsələdə düşüncəli davransınlar. Küçədə ac, yaralı heyvan görəndə hamının ürəyi ağrıyır, amma ona yaxınlaşıb qayğı göstərməyi çox az adam bacarır”.

Heyvansevər Zəhra Abbasova da bu mövzuda fikirlərini bildirdi: “Mən evimdə pişik saxlayıram. Düşünürəm ki, pişik insanlara əziyyət verən bir heyvan deyil. Doğrudur ki, heyvanları uzun müddətli tək qoymaq olmaz. Çünki, onlar da bir canlı olduğuna görə, təklik onlara pis təsir edə bilər. Pişikləri daha çox sevdiyimə görə onlara qulluq etmək, yeməyini suyunu vaxtında vermək mənim xoşuma gəlir. Onlar bizim kimi danışa bilmirlər, sadəcə bəzi davranışları ilə sevgi və təşəkkürlərini bildirə bilirlər. Heyvanlar yalnız onları sevən insanlara qarşı sevgi hissi duyurlar. Onları həqiqətən qoruya bilən və qayğı göstərən insanlarla dostluğu daimi olur. Lakin, bu zaman müəyyən qaydalara əməl etmək lazımdır ki, bu da həmin heyvanın şəxsi gigiyenasıdır. Onların vaxtı-vaxtında peyvəndi, dırnaq və tük təmizliyi, baytar yoxlanışı olmalıdır. Belə olan halda heyvan, həmin evdə də rahat və sağlam yaşayır. Əks halda isə bizə və özünə müəyyən virus və bakteriyaları ötürərək zərər verə bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə