Albaniyada etirazlar

Albaniyanın paytaxtı Tiranda Albaniya Demokratik Partiyasının (PD) sədri Lulzim Başanın istefa verməsi tələbiylə təşkil edilən etirazlarda nümayişçilərlə polis arasında gərginlik yaşanıb.

SİA xəbər verir ki, Albaniyanın sabiq Baş nazirlərindən olan Sali Berişanın çağırışıyla PD Qərargahı qarşısında toplanan nümayişçilər binanın qapı və pəncərələrini qıraraq içəri giriblər.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz sıxıb.

L.Başanın vəzifədən ayrılmasını tələb edən nümayişçilər PD Qərargahından Baş Nazirliyə doğru gedərək etirazlarını burada davam etdiriblər.

Albaniya prezidenti İlir Meta hadisələrlə əlaqədar sosial media vasitəsilə hüzur və dincliyin qorunması, zorakılıq, təxribat və gərəksiz hərəkətlərdən uzaq durulması çağırısı edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının 2021-ci ilin mayında Sali Berişanı "ABŞ-a giriş üçün istənilməyən adam" elan etməsindən sonra Albaniyadakı ən böyük müxalifət partiyası olan PD içərisində fikir ayrılıqları yarandı. PD-nin sədri Lulzim Başa S.Berişanı partiyanın parlament qrupundan çıxarma qərarı verdi. Bu qərar partiya içində qruplaşmalara səbəb oldu. Nəticədə Berişa və tərəfdarları 2021-ci il 11, Başa və dəstəkçiləri isə 18 dekabrda ayrı-ayrılıqda ümumi partiya yığıncaqları təşkil etdilər və hər iki qrup bir-birinə qarşı zidd fikirlər səsləndirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə