Nikolas Maduro Cozef Baydenlə görüşə müsbət yanaşır

Nikolas Maduro Cozef Baydenlə görüşə müsbət yanaşır

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Cozef Baydenlə görüşə müsbət yanaşdığını bildirib.

SİA xəbər verir ki, Maduro "Telesur" telekanalına verdiyi açıqlamada “Mən ABŞ hökuməti ilə birbaşa, cəsarətli, səmimi və qarşılıqlı razılığa əsaslanan dialoqun başlayacağına ümid edirəm” ifadəsini işlədib.

Baydenin prezident seçilməsindən sonra münasibətlərdə heç bir irəliləyiş olmadığına diqqət çəkən Maduro “Kaş ki, Co Bayden hökuməti ilə dialoq başlancığı olsa, bu baş versə, əla olardı, olmasa da, mübarizəmizi davam etdirəcəyik” deyib.

Maduro həmçinin bildirib ki, Meksikanın ev sahibliyi və Norveçin vasitəçiliyi ilə avqustun 13-də başlayan müxalifətlə danışıqların kəsilməsinə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.

Venesuelanın yeni ilə yaxşı bir başlanğıc etdiyini müdafiə edən Nikolas Maduro təhsil, sağlamlıq, mənzil və sosial xoşbəxtliyə çevrilən bir prosesə doğru irəlilədiklərini söyləyib.

Maduro iyunun 19-da verdiyi açıqlamada ABŞ ilə ölkəsi arasında son illərdə artan gərginliyi azaltmaq istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə