"Ortaq mexanizm" üçün gözlər ABŞ-da: Ankara cavab gözləyir

"Ortaq mexanizm" üçün gözlər ABŞ-da: Ankara cavab gözləyir

Türkiyə-ABŞ münasibətlərində yeni ildə ilk gündəm prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında oktyabrın 31-də baş tutan görüşdən sonra açıqlanan iki ölkə arasında qurulacaq “ortaq mexanizm” olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə bütün problemləri həll edəcək işçi qrupun yaradılması ilə bağlı fikirlərini əks etdirən sənədi ABŞ-a təqdim etsə də, hələlik Vaşinqtondan cavab gəlməyib.

Xarici işlər naziri Çavuşoğlu noyabrın 4-də də Vaşinqtonun Suriyada terror təşkilatı YPG ilə əməkdaşlığı, ABŞ-da FETÖ-nün olması və S-400 kimi mövzuları müzakirə etmək üçün Türkiyə ilə ABŞ arasında “işçi qrupu” yaradılacağını açıqlayıb. İşçi qrupu üçün Ankarada Xarici İşlər Nazirliyinin koordinasiyası ilə digər nazirlik və qurumlarla müxtəlif araşdırmalar və görüşlər keçirilib. Türkiyənin fikirlərini özündə əks etdirən “qeyri-kağız” adlanan, məcburi olmayan rəy sənədi dekabrın 1-də Çavuşoğlu tərəfindən amerikalı həmkarı Blinkenə təqdim edilib. Çavuşoğlu dekabrın 27-də keçirilən ilin yekun qiymətləndirmə toplantısında sənədin ABŞ-a göndərildiyini açıqlayıb.

Prezidentin sözçüsü İbrahim Kalın da dekabrın 30-da Anadolu Agentliyinə açıqlama verərək, ABŞ-a təqdim edilən sənəddə ortaq mexanizmin necə qurulacağı, prosesin necə işləyəcəyi kimi məsələlərin yer aldığını bildirib və deyib ki, biz müdafiədən terrorla mübarizəyə, ticarətdən regional mövzulara qədər hər sahədə qarşılıqlı maraq və hörmətə əsaslanan əlaqələri inkişaf etdirmək üçün əlimizdən gələni etməyə davam edəcəyik.

İki ölkə arasında mövcud texniki dialoq kanalları fəaliyyətini davam etdirərkən Vaşinqtonun Türkiyə ilə hərtərəfli işçi qrupunun yaradılması ilə bağlı heç bir aydın açıqlama verməməsi diqqət çəkir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə