Əfqanıstanda xəstəxanaların yarıdan çoxu bağlanılıb COVID-19 XƏSTƏLƏRİ ÜÇÜN
Əfqanıstanda 38 COVİD xəstəxanasından 21-i Taliban hakimiyyətə gəldikdən sonra maliyyə problemlərinə görə bağlanıb. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın Pajvok İnformasiya Agentliyi Səhiyyə Nazirliyinin sözçüsü Caved Hacirə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Taliban Kabilə nəzarəti ələ keçirdikdən sonra Qərb bankları Əfqanıstanın xarici aktivlərini dondurub. BMT-nin məlumatına görə, Əfqanıstanda maliyyə sistemi və bank ödənişləri sistemi dərin böhran içindədir və onların bərpası onilliklər çəkə bilər.
Agentliyin Hacırəyə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusun yayılmasından sonra Milli Səhiyyə Nazirliyi COVID-19 xəstələrinin müalicəsi üçün 38 xəstəxana yaradıb, amma hazırda, onun sözlərinə görə, “38 xəstəxanadan 17-si fəaliyyət göstərir, qalan 21-i isə bağlanıb”.
H.Hacir qeyd edib ki, nazirlik xəstəxanaların yenidən açılması üçün beynəlxalq donorlarla danışıqlar aparır və artıq bir sıra təşkilatlar onların maliyyələşdirilməsinə razılıq verib.
Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 150 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, yoluxanlardan 7 mini infeksiyadan dünyasını dəyişib.
Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsi ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB