...Əslində, bu, başadüşüləndir. Yəni İranın xarici işlər naziri Bakıya rəsmi səfərə gəlib və burada “Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik” bəyanatını verməsi, təbii ki, erməniləri qıcıqlandırmalı idi. Amma buna baxmayaraq, hər halda, ümid yenə də özünə təsəlli verməyə qalır...
Beləliklə, ilk olaraq, İranın xarici işlər nazirinin Bakıya səfər edib və burada Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmasının ermənilər üçün elə də xoş olmadığını deyən erməni iranşünas alim(?) Vardan Voskanyan bədbinliyini özünə verməyə çalışdığı təsəlli ilə gizlətməyə də çalışır.
Deməli, Voskanyanın sözlərinə görə, Hüseyn Əmir Abdullahiyanın Bakı səfəri İranın Azərbaycana qarşı siyasətinin müəyyən meylinin sübutu kimi sayıla bilməz. Niyə? Çünki erməni vektoru İran üçün öz aktuallıq və əhəmiyyətini saxlamaqda davam edir . Deyim ki, burada da müəyyən bir təsəlli arayan Voskanyan “...amma buna baxmayaraq, yenə də, erməni tərəfi baş verənlərdən özü üçün müəyyən xoşagəlməz nəticələr çıxarmalıdır”-deyə bildirir.
Maraqlıdır ki, erməni iranşünas bütün bu yaşananlarda günahkar kimi, bu dəfə də Paşinyan hakimiyyətini görür, hakimiyyəti “bir çox hallarda gözlənilməz hərəkətlərdə” suçlayır.
Məsələn, Gorus-Qafan marşrut yolunun müəyyən hissəsinin Azərbaycanın nəzarətinə keçməsindən sonra İrandan Ermənistana və daha sonra Qara dəniz limanlarına yüklərin daşınmasına “ciddi əngəl” törətdiyini deyən Voskanyan İranın bu maneələri aradan qaldırmaq üçün təklif etdiyi iqtisadi və infrastruktur layihələrə Paşinyan hökumətinin göstərdiyi “etinasızlığını” xatırladır.
Qeyd edilməlidir ki, yaşananlara erməni düşüncəsi ilə yanaşan iranşünasın fikrincə, hazırda İran şimala tranzit yollunun olması üçün bütün variantlara əl atır, yəni və bu istiqamətdə hər vəhclə çalışır. Voskanyana görə, hazırda Tehranın Bakıya daha yaxın olmaq istəyi də məhz bu kontekstdə nəzərdən keçirilməlidir, “...çünki Bakı ilə əməkdaşlıq Tehrana müəyyən manevr sahəsi verə bilər”.
Maraqlıdır ki, yaxınlarda reallaşacağı heç bir şübhə doğurmayan “Zəngəzur dəhlizi” ideyasının birbaşa İranın maraqlarını təhdid etdiyini bildirən erməni iranşünas iki ölkə, yəni İranla Azərbaycan azrasındakı səmimiyyətin varlığına da şübhə ilə yanaşır.
Bununla yanaşı, Voskanyan Azərbaycanın Ermənistan-İran əməkdaşlığını kommunikasiya sahəsində, xüsusilə də, qeyd olunan dəhliz vasitəsilə məhdudlaşdırdığını bildirərək hazırda ölkəsinin İranla işləmək üçün böyük geriləmələrə məruz qaldığını etiraf edir.
Yeri gəlmişkən, bu gün İran daxilində böyük bir ermənipərəstliyin mövcud olduğunu istisna etməyən iranşünas alim, bütün bunları institutlaşdırmağın vacib olduğunu bildirir: “...Düşünməməlisiniz ki, bu əhval-ruhiyyə sonradan dəyişməyəcək. Düşünürəm ki, Ermənistan-İran dostluq qruplarının yaradılması vəziyyəti xeyli yaxşılaşdıra və qarşılıqlı əlaqəni stimullaşdıra bilər”.
Təbii ki, ermənilər burada ehtiyatlanmaqda haqlıdırlar. Çünki tarix onların həmişə “isti qucağa” qaçdığına şahidlik edib. Əslində, bu gün ermənilər üçün elə də böyük bir önəm kəsb etmir, yəni bir vaxtlar Türkiyənin qanadı altına sığınan ermənilər, daha sonra bunu Rusiyaya dəyişdilər. İndi isə belə görünür ki, onlar Rusiyanı Fransa ilə əvəzləmək istəyirlər. İran isə hələ ki, ermənilərə əlavə “gəlir mənbəyi” kimi qalmaqadadır.
...Maraqlıdır ki, bu gün İran-Azərbaycan iqtisadı əməkdaşlığına diqqət çəkən Voskanyan erməniləri Bakı ilə Tehran arasındakı iqtisadi əməkdaşlıqda etimad göstəricisinin olmadığını inandırmağa çalışır. Onun fikrincə, guya İran Azərbaycanın bu və ya digər hərəkətlərindən hələ də ehtiyatlanır(?).
“...Doğrudur, bu gün biz indi iki ölkə arasında situasiyanın istiləşməsini görürük, amma demək lazımdır ki, iki ölkə arasında hər an eskalasiya baş verə bilər”.
Əslində, Voskanyanın bu fikirləri, deyim ki, əksər ermənilərin ən böyük arzusu kimi qəbul edilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB