3,2 milyondan çox insan quraqlıqdan zərər çəkib

3,2 milyondan çox insan quraqlıqdan zərər çəkib

Quraqlıq somalililərin həyatına öz dağıdıcı təsirini göstərir.

SİA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə koordinasiya idarəsinin hesabatında deyilir.

Dekabrın 17-nə olan vəziyyətə görə, Somalinin 74 rayonundan 66-sında 3,2 milyondan çox insan quraqlıqdan əziyyət çəkib. 169 min nəfər su, qida və otlaq axtarmaq səbəbi ilə öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Zərərçəkənlərin sayı Somali əhalisinin 21 faizindən çoxunu təşkil edir. BMT-nin qurumu quraqlıq nəticəsində ölənlərin sayını açıqlamır. Lakin yerli hakimiyyət orqanları indiyədək azı 6 nəfərin öldüyünü bəyan edib.

Su çatışmazlığı ölkənin mərkəzi ştatlarında daha çox hiss olunur. Vəziyyətin bu ay və 2022-ci ilin birinci rübü ərzində daha da ağırlaşacağı gözlənilir.

Bu təbii fəlakətlə əlaqədar Somalinin Baş naziri Məhəmməd Hüsseyn Roble ölkədə fövqəladə humanitar vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə