Ukraynanın süni peykini "Turkish Cargo" şirkəti daşıdı

Ukraynanın süni peykini "Turkish Cargo" şirkəti daşıdı

Ukraynanın "Sich-2-30" süni peykinin kosmos səyahəti "Turkish Cargo" şirkətilə başlayıb.

SİA xəbər verir ki, “Turkish Cargo” şirkəti Ukraynanın qurudan müşahidə peyki "Sich-2-30"-un kosmosa buraxılması üçün Amerika Birləşmiş Ştatlarının Florida ştatının Mayami şəhərinə daşıyıb.

"Türk Hava Yolları" (THY) Mətbuat Xidmətindən verilən məlumata görə, güclü infrastrukturu, innovativ missiyası ilə hava yükdaşımaları sektorunda təkcə bu günün deyil, gələcəyin də standartlarını müəyyən edən "Turkish Cargo" həssas və mürəkkəb yük daşımalarında etibarını da artırıb.

Hava yükdaşıma markası bu dəfə Ukrayna tərəfindən hazırlanmış qurudan müşahidə peyki "Sich-2-30"-u kosmosa buraxılmaq üçün Ukraynadan İstanbul üzərindən Mayamiyə daşıyıb.

"Sich-2-30" müşahidə peyki yükləmə-boşaltma əməliyyatlarını asanlaşdırmaq üçün çoxlu komponentlərə ayrıldı. Peyk komponentləri materialları ilə birlikdə ehtiyatla qablaşdırıldı və daşınma zamanı hər hansı zədənin qarşısını almaq üçün 2 ayrı palet üzərində yerləşdirildi. Mütəxəssis qruplar tərəfindən "Turkish Cargo" təyyarəsinə yüklənən kosmik aparatının daşınması prosesi müvəffəqiyyətli bir əməliyyatla, bütün mərhələləri həsasslıqla həyata keçirilib.

Ukraynanın Milli Xüsusi Məqsədli Elmi-Texniki Kosmos Proqramının bir hissəsi olaraq hazırlanan peyk yanvar ayında ABŞ-ın Kennedi Kosmik Mərkəzindəki buraxılış yerindən kosmosa göndəriləcək.

Qurudan müşahidə peyki orbitə çıxarıldıqdan sonra yer səthinin rəqəmsal və infraqırmızı şəkillərini əldə edəcək və ionosfer parametrlərini tədqiq edərək hərtərəfli məlumatlar toplayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə