Ermənistan son yaşananlardan dərs alıb?

Ermənistan son yaşananlardan dərs alıb?

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəyini bildirib.

SİA xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

Ermənistan XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.

“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”, - Ermənistan XİN-nin rəsmisi deyib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu ötən gün parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edəcək.

M.Çavuşoğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: “Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.”.

Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasına üstünlük verərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür: “Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə