Bu gün erməni baş nazir Nikol Paşinyan bəyan edir ki, ona qarşı “hakimiyyətə xəyanət” ittihamı, sadəcə olaraq, bəzi qüvvələr tərəfindən diqqətlə işlənmiş və illər ərzində dəqiqləşdirilmiş hibrid müharibəsinin epizodudur. Yəni Nikolun “Facebook” səhifəsində yazdıqlarına inansaq, belə görünür ki, bu gün ona qarşı ölkədə hibrid müharibəsinə start verilib.
Yenə də Nikolun dediyinə inansaq, hazırda onun hakimiyyətinə qarşı hibrid müharibəsi müxtəlif yollarla aparılır.
Məsələn, o gün ermənilərin daha çox “amerikaşünas” kimi tanıdıqları Suren Sarkisyan adlı birisi Ermənistan hakimiyyətinin guya hər hansı bir anti-Türkiyə proseslərində iştirakdan imtina etdiyini bildirib. Deyim, Suren dediklərini isbatlamaq üçün bəzi dəlillər də gətirib. Diqqət verin, Surenə görə “...niyə Ermənistan hakimiyyəti heç bir rəsmi və ya qeyri-rəsmi anti-Türkiyə platformalarına, beynəlxalq alyanslara və ya formatlara qoşulmur?”.
Surenin fikrincə, erməni hakimiyyəti “passivlik nümayiş etdirib” anti-Türkiyə platformalarına qoşulmur, əksinə Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün müxtəlif vasitəçilər axtarır.
Yenə də Surenə görə, bütün bunlar Ermənistanda inkar edilə bilməyən reallıqdır. Maraqlıdır ki, erməni “amerikaşünas” Ermənistan hakimiyyətinin Türkiyəyə müqavimət göstərmək, ona qarşı çıxmaq və ya cilovlamaqdan əl çəkməsini erməni xalqı üçün “üzücü bir hal kimi” dəyərləndirir.
Surenin fikrincə, bunlar İrəvan üçün Türkiyəyə qarşı bütün imkanlardan imtina etmək və nə vaxtsa danışıqlar zamanı bütün alətləri itirmək, birtərəfli güzəştlər sahəsində qalmaq deməkdir. Əslində isə, Ermənistan gərək Türkiyə üçün bütün məsələlərdə... “başağrısı olmalıdır. Səbəb, yenə də erməni düşüncəsinə görə, guya Türkiyənin bu gün də Ermənistanı düşmən gözündə görməsidir... İnanın ki, burada “camaata it hürər, bizə çaqqal” məsəlini xatırlamadan keçmək olmur.
...Deyim ki, Nikola, onun səriştəsizliyinə irad bildirib ona qarşı “hibrid müharibəsinə” qalxanlardan biri də, Serjik Sarkisyanın partiyasından olan Armen Aşotyandır. Belə ki, Armen bu dəfə Amerikaya gedib “Demokratiya Sammit”də “suveren” Ermənistanı təmsil edən Paşinyanın “bütün zəngləri çalıb sammit iştirakçılarını Türkiyə və Azərbaycana qarşı təzyiq tələb etməməkdə günahlandırır.
Armenə görə, “...ən əsası odur ki, Nikol Paşinyan bu tədbirdə iştirak edərkən Azərbaycan və Türkiyə tərəfindən hücuma məruz qaldığımız barədə bir kəlmə də olsun danışmayıb. Erməni xalqının “fundamental hüquqları”nın Azərbaycan tərəfindən pozulduğunu sivil dünyaya çatdırmayıb.
...Doğrudan da, Armenə görə haqlı iraddır. Amma Armen bu iradını bildirərkən, Ermənistanın bu tədbirə, sadəcə olaraq, “yer doldurmaq” üçün “dəvət edildiyini” çox yaxşı qanır. Çünki, bu gün avropalılar kimi, Amerika rəsmiləri də Ermənistanın hansı “demokratiyaya” sahib olduqları barədə yaxşı məlumatlıdırlar.
...Məhz bu mənada Armenin Nikola qarşı bu iradı, onun özünü Serjikin yanında “şirin salmaqdan” başqa bir şey deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB