Saakaşvilini müalicə üçün xaricə aparacaqlar?

Saakaşvilini müalicə üçün xaricə aparacaqlar?

Saakaşvilinin vəziyyəti elədir ki, onu xaricdəki reabilitasiya mərkəzinə köçürmək gərəkdir.

Həkimlər konsiliumunun üzvü Otar Teidzenin bu sözlərini "RİA Novosti" yayıb.

"Onun nevroloji vəziyyəti əsasdır. Hərəkətində, koordinasiyada problemləri var, əhval dəyişkənliyi olur, ancaq bunlar normadan kənara çıxmır. Onun nevroloji statusu xüsusi reabilitasiya tələb edir. Biz buna neyroreabilitasiya deyirik, onun da imkanları Gürcüstanda kifayət etməyə bilər. Ona xüsusi müəssisə lazımdır, onun da Gürcüstanda olmasına şübhə edirəm. Söhbət xaricə köçürülməkdən gedir", - Teidze deyib.

SİA xəbər verir ki, ölkə ombudsmanı Nino Lomcariya və çağırdığı həkim konsiliumu az əvvəl Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin saxlandığı Qori hərbi hospitalını tərk ediblər.

"Hələ bir şey deyə bilmərəm, həkim deyiləm, onlar özləri deyəcəklər. Həkimlərin sözlərinə görə, bəzi hallarda vəziyyət pisləşib, bəzi hallara görə isə yaxşılaşıb", - Lomcariya deyib.

Ombudsman bildirib ki, Saakaşvilini müxtəlif sahələr üzrə mütəxəssislər müayinə ediblər. Həkimlər yaxın günlərdə yekun hesabatı və tövsiyələrini dərc edəcəklər.

Lomcariya deyir ki, Saakaşvili hələ də açıq havada gəzintiyə buraxılmır. Onun fikrincə, həbsdəki siyasətçiyə fiziki təmrinlər yerinə yetirmək imkanı da yaradılmalıdır.

Həkim-psixiatr Marine Kurataşvili jurnalistlərə deyib ki, həkimlər Gürcüstanın sabiq prezidentinin sonrakı müalicəsini müzakirə etməlidirlər, çünki indi dəqiq nəsə demək çətindir.

"Problemlər var. Mixeil Saakaşviliyə həm tibbi, həm də psixoterapevtik yardım lazımdır", - Kurataşvili deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə