NATO hərbi texnikasının Yunanıstan limanına ötürülməsinə görə narahatlıq var KREMLDƏ
Rusiya NATO və ABŞ əsgərlərinin Yunanıstanda cəmləşməsindən, eləcə də alyansın hərbi texnikasının Yunanıstanın Aleksandrupolis limanından keçirilməsindən narahatdır. SİA xəbər verir ki, bu barədə Yunanıstanın “Antenna” telekanalına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Soçidə Rusiya prezidenti Vladimir Putinlə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında görüş ərəfəsində Yunanıstan mətbuatının suallarını cavablandırıb. Rusiya prezidentinin sözçüsü Yunanıstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair yenilənmiş sazişdən Moskvanın narahat olduğunu söyləyib.
"Problem çox sadədir. Getdikcə daha çox NATO və ABŞ əsgəri Yunanıstan ərazisində cəmləşir", deyə Dmitri Peskov bildirib.
O əlavə edib ki, Aleksandrupolis limanı vasitəsilə yüzlərlə və minlərlə hərbi texnika daşınır. Həmçinin onun sözlərinə görə, Yunanıstan Rusiyanı düşmən adlandıran NATO üçün yeni bazalar açır.
"NATO alyansın əsas məqsədini formalaşdırır, o da Rusiyanı cilovlamaqdır. Bu, bizi narahat edir, siz bizi başa düşməlisiniz", deyə Peskov qeyd edib.
Dmitri Peskov müxbirin Yunanıstanın Rusiyanın Türkiyəyə verdiyi S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı eyni dərəcədə narahat olması ilə bağlı sözlərinə cavab verib.
"S-400 müdafiə sistemidir. Aleksandrupolis vasitəsilə daşınan isə müdafiə avadanlığı deyil", deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
O hesab edir ki, Yunanıstan heç vaxt Rusiya ilə düşmənçilik etməyəcək. Bununla belə, o bildirib ki, Yunanıstan NATO-ya üzvlükdən irəli gələn öhdəliklərlə bağlıdır.
"Bu, bizim üçün NATO ilə problemdir, çünki NATO sərhədlərimizə yaxınlaşır. Biz NATO-nun öz sərhədlərimizə, Ukraynaya doğru anladığımız kimi, bir qədər genişlənməsini görürük", deyə Peskov vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl, noyabrın sonunda Amerika qoşunlarının ən böyük desantının Yunanıstanın şimalında, Aleksandrupoli limanında həyata keçirildiyi bildirilirdi. Oradan Şərqi Avropa ölkələrinə 120 helikopter, min döyüş maşını, eləcə də hərbçilər gedəcək. Bu əməliyyat ABŞ-ın Balkanlarda və Qara dənizdə Amerika varlığını gücləndirmək üçün indiyə qədər həyata keçirdiyi ən böyük hərbi missiya sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB