"Putin-Bayden görüşü açıq və işgüzar keçib"

Putin-Bayden görüşü açıq və işgüzar mühitdə keçib.

SİA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında videokonfrans vasitəsi ilə keçirilən görüşün yekunları ilə bağlı məlumatda bildirilib

“Görüşdə 2021-ci ilin iyununda Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinin nəticələrinin həyata keçirilməsindən danışılıb. Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərə və digər problemlərə nəzər yetirilərkən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsinin və “Cenevrə ruhunun” qorunub saxlanılmasının vacibliyi qeyd edilib.
Bu kontekstdə prezidentlər İkinci Dünya Müharibəsi zamanı iki ölkənin müttəfiqliyini xatırladıblar. Onlar vurğulayıblar ki, o zaman göstərilən fədakarlıqlar unudulmamalı, həmin müttəfiqliyin özü bugünkü reallıqlarda əlaqələr qurmaq və birgə işləmək üçün nümunə olmalıdır.
Danışıqlarda əsas yeri Ukraynadaxili böhranla bağlı problemlər və sülh yolu ilə nizamlanmanın mübahisəsiz əsası olan 2015-ci il Minsk razılaşmalarının icrasında irəliləyişin yoxluğu tutub.
Cozef Bayden isə öz növbəsində, Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında hərəkətinin "təhdidedici" xarakterini vurğulayıb və vəziyyətin daha da gərginləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin tətbiq etməyə hazır olacağı sanksiya tədbirlərini açıqlayıb.
Cavabında Vladimir Putin vurğulayıb ki, məsuliyyəti Rusiyanın çiyninə yükləmək olmaz, çünki Ukrayna ərazisini mənimsəmək üçün təhlükəli cəhdlər edən və Rusiya sərhədlərində hərbi potensialını gücləndirən NATO-dur. Buna görə də, Rusiya NATO-nun şərqə doğru genişlənməsini və Rusiyaya bitişik dövlətlərdə hücum zərbə silah sistemlərinin yerləşdirilməsini istisna edən etibarlı, hüquqi cəhətdən təsdiq edilmiş təminatların əldə edilməsində maraqlıdır.
Liderlər öz nümayəndələrinə bu həssas məsələlərlə bağlı əsaslı məsləhətləşmələr aparmağı tapşırmaq barədə razılaşıblar.
İnformasiya təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılarkən hər iki tərəf bu mövzuda fəal şəkildə davam edən dialoqun vacibliyini vurğulayıblar. Onlar kibercinayətkarlıqla mübarizənin cinayət-prosessual və əməliyyat-texniki sahələrində əməli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətə baxılıb. Rusiya prezidenti onun ilkin razılaşdırılmış çərçivədə tam şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Liderlər ümidvar olduqlarını bildiriblər ki, bu məsələ ilə bağlı noyabrın sonunda Vyanada bərpa edilmiş danışıqlar konstruktiv ruhda keçəcək və bütün iştirakçılar üçün məqbul qərarların əldə olunmasına imkan verəcək.
Danışıqlarda ikitərəfli məsələlər də müzakirə edilib. Bildirilib ki, əməkdaşlıq hələ də qeyri-qənaətbəxş vəziyyətdədir. Bu, xüsusən də hər iki ölkənin “ixtisar edilmiş” diplomatik missiyalarının işində yaşadıqları çətinliklərdə özünü göstərir.
Rusiya tərəfi diplomatik missiyaların fəaliyyəti ilə bağlı yığılmış bütün məhdudiyyətləri ləğv etməyi təklif edib ki, bu da ikitərəfli münasibətlərin digər aspektlərinin normallaşmasına xidmət edə bilər.
Prezidentlər beynəlxalq təhlükəsizliyin və sabitliyin qorunmasında xüsusi məsuliyyətlərini nəzərə alaraq, Rusiya və ABŞ-ın dialoqu və zəruri təmasları davam etdirəcəkləri barədə fikir bildiriblər.
Ümumilikdə, söhbət açıq və işgüzar keçib”, deyə Kremlin məlumatında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə