İsveç yeni məhdudiyyətlər tətbiq edəcək KORONAVİRUS ƏLEYHİNƏ

Əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar İsveçdə dekabrın 8-dən yeni koronavirus əleyhinə məhdudiyyətlərinin, o cümlədən qoruyucu tibbi maskaların məcburi taxılması və restoranların iş saatlarının azaldılması barədə elan edilib. SİA xəbər verir ki, bu barədə İsveçin səhiyyə naziri Lena Hallenqren mətbuat konfransında bəyan edib.

"İsveçdə səhiyyə sisteminin yükü bir qədər də artıb. Buna görə də məhdudiyyətlərin birinci mərhələsi sabah, dekabrın 8-də tətbiq olunacaq", deyə Hallenqren bildirib.

Nazirin sözlərinə görə, məhdudiyyətlər üç mərhələdə tətbiq olunacaq. Birinci mərhələdə ictimai nəqliyyatda maskaların məcburi taxılması tətbiq olunacaq, əhalinin bir hissəsi uzaqdan iş rejiminə keçəcək. Daha sonra tələbələrin bir hissəsi universitetlərdə distant təhsilə keçəcək, futbol matçlarına qatılmaq qadağan olunacaq. Son mərhələdə restoranların iş saatları məhdudlaşdırılacaq və vətəndaşlara böyük izdihamdan çəkinmələri tövsiyə olunacaq.

Eyni zamanda, İsveçin maliyyə naziri Mikael Damberq rəhbərlik etdiyi departamentin əhaliyə, xüsusən də COVID-19 xəstəsi olanlara maliyyə dəstəyi tədbirləri tətbiq edəcəyini vurğulayıb.

Xatırladaq ki, İsveç İctimai Səhiyyə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 7412 təsdiqlənmiş COVID-19 yoluxma hadisəsi qeydə alınıb. Eyni zamanda əhalinin təxminən 80%-i tam peyvənd olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə