Yəqin ki, eşitmiş olarsınız, dekabrın 9 və 10-da ABŞ-da Ermənistanın da dəvət aldığı “Demokratiya zirvəsi” adlı virtual bir görüş keçiriləcək. Burada, özlərinin də dediyi kimi, onların bu tədbirə dəvət edilməsi “erməni demokratiyası”nın böyük bir qələbəsi kimi qəbul edilməlidir. Təsəvvür edin, yenə də ermənilərin dediyinə görə, o boyda ABŞ kimi ölkənin prezidenti özü Ermənistanın bu tədbirdə iştirakını “israr edib”. Ona görə də, burada ermənilərin “qürurlanıb” və hətta qonşularına “gözdağı” belə verməsi başadüşülməlidir.

Amma deyim ki, bu görüşün əsl mahiyyətinin nədən ibarət olacağı çoxları kimi, elə mənim üçün də maraqlıdır. Yəni Amerikaya dəvət olunan bu qədər ölkə nümayəndələrinə Vaşinqton iki gündə nələri anladacaq? Məsələ bundadır ki, o vaxt ABŞ-da keçirilən prezident seçkiləri çox ciddi qanun pozuntuları ilə yaddaşlardan hələ də silinməyib. Qeyd edilməlidir ki, bir çox analitiklər həmin seçki kampaniyasını ABŞ tarixində ən qeyri-demokratik və ən çirkli seçki kampaniyası kimi xarakterizə edirlər.

Əslində, deyim ki, ermənilər gərək ki, bundan xəbərsiz olmamalıdırlar. Onu da qeyd edək ki, həmin ərəfədə, yəni seçki kampaniyası zamanı Cozef Bayden qalib gələcəyi təqdirdə ölkədə “Demokratiya zirvəsi” adlı tədbir keçirəcəyinə söz vermişdi.

...Etiraf edim ki, bu bizim tərəflərdə çətin məqamla üzləçən birinin yaradana dua edib məqsədə çatacağı təqdirdə nəzir-niyaz paylayacağına bənzəyir

İndi çox güman ki, imicimeykerlər Baydenə həmən anı xatırladaraq bu yolla onun kifayət qədər ləkələnmiş və eyni zamanda gündən-günə aşağı düşən nüfuzunu bir az düzəltmək qərarına gəliblər

Amma maraqlıdır ki, prezident Cozef Baydenin özü zirvə sammiti ilə bağlı başqa fikir səsləndirib. Belə ki, o “Demokratiya zirvəsi”nin əsas məqsədinin Çin və Rusiyanı “tutmaqdan ibarət olacağı”nı bildirib. Təbii ki, demokratik bir ölkə prezidentinin belə açıqlamasını ”malalamağa çalışan” təşkilatçılar sammitin məqsədinin “avtoritarizmdən qorunmaq, insan hüquqlarına hörmət və təbii ki, korrupsiyaya qarşı mübarizə” kimi konsepsiyaları təbliğ etməkdən ibarət olacaını deyiblər. Bundan başqa, bu görüşə dəvətli ölkələrin liderləri öz ölkələrində insanların həyatını yaxşılaşdırmaq və dünyamızın üzləşdiyi ən mühüm problemlərə cavab vermək öhdəliyi də götürəcəklər.

...Yeri gəlmişkən bildirək ki, Vaşinqtonda keçiriləcək zirvə sammitinə 110 ölkə dəvət olunub və təbii ki, Çin və Rusiya bu siyahıda yoxdur. Amma maraqlıdır ki, Çin dəvət olunmasa da, bu ölkənin “ayrılmaz hissəsi” olan Tayvan üçün “dəvət göndərilib”.

Bu arada bir haşiyə çıxaraq xatırladaq ki, yaxınlarda ABŞ, Böyük Britaniya və Avstraliya birlikdə “AUKUS” adlanan bir alyans yaradılıb. Təbii ki, burada əsas təklif Vaşinqtondan gəlib və alyansa əsas məqsəd kimi Hind-Sakit okean regionunda Çinlə qarşıdurmanı gücləndirmək tapşırılıb. Qeyd edilməlidir ki, Cinin alyansın hər hansı bir fəaliyyətini cavabsız qoyacağı elə də inandırıcı görünmür. Belə ki, Cin artlq bu istiqamətdə müəyyən addımlar atmaqdadır.

...Amma bu arada deyim ki, Tayvanın da... elə Ermənistan kimi “demokratik bir ölkə” olduğunu indi öyrənirəm.

...Onu da deyim ki, bu, çox vaxt belə olur. Məsələn, bizim anadan keçəl doğulan yaşlı bir qonşumuz var. Amma nə olsun ki, keçəl doğulsa da, adı Zülfüdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...