Gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib NÜMAYİŞÇİLƏRƏ QARŞI

Brüsseldə COVID-19 ilə bağlı sərtləşdirmə tədbirlərinə qarşı çıxan aksiya iştirakçılarına gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. SİA xəbər verir ki, bu barədə RİA Novostinin yerli müxbiri sözügedən agentliyə məlumat verib.

Məlumatda bildirilir ki, Brüssel polisi daha sərt sanitar tədbirlərə qarşı aksiyanın razılaşdırılmış marşrutundan kənara çıxmağa cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qeyd olunur ki, aksiya zamanı toqquşma baş verib və bu toqquşmalar onlarla gəncin əsas aksiyadan ayrılaraq polis kordonunu yarmağa cəhd etməsindən sonra başlayıb.
Nümayişçilər tərəfdən polisə daş və fişənglər atılıb.

Göründüyü kimi, insan haqlarından, söz, ifadə azadlığından dəm vuran, ağız dolusu danışan Avropada, ələlxüsus Brüsseldə aksiya iştirakçılarına qarşı ciddi tədbirlər görülür. Maraqlıdır, insanların sərbəst toplaşma hüquqları və azadlıqları barədə digər ölkələrə qarşı tələblər irəli sürən Avropanın ən sayılıb seçilən şəhərlərindən birində, Brüsseldə aksiya iştirakçılarına, nümayişçilərə qarşı bu şəkildə davranış necə izah edilə bilər? Görünən odur ki, öz gözlərində tiri görməyənlər başqalarının gözündə tük axtarırlar və hətta buna bənzər nə isə görsələr belə dünyaya car çəkməyi də özlərinə rəva bilirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə