Putin və Baydenin təmaslarına ehtiyac var

Moskva ümid edir ki, Putin və Baydenin təması yaxın günlərdə baş tutacaq. SİA "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Yaxın günlərdə iki prezident arasında təmas baş tutacaq. Dərhal deməliyəm ki, tarix hələ razılaşdırılmayıb. İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər var, lakin təmasa ehtiyac var. Bizim xeyli sayda problemimiz var", - deyə Ryabkov bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden gələn ilin əvvəlində görüşə bilərlər.

Qeyd olunub ki, bu ilin sonuna qədər prezidentlərin videoformatda görüşünün təşkil olunacağı ehtimal edilir.

Noyabrın 9-u Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da liderlərin görüşünün əhəmiyyətli olduğunu qəbul etdiklərini, ancaq bunun üçün konkret zamanın müəyyənləşdirilmədiyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə