Mafiya klanının 30-a yaxın üzvü həbs edilib

İtaliya polisinin cənubdakı Potenza əyalətində mafioz qrupa qarşı keçirdiyi əməliyyat nəticəsində 28 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə yerli prokurorlar məlumat yayıblar.

Həbs olunanlar arasında “Martorano Stefanutti klanı” kimi tanınan təşkilatın iki lideri də var. Prokuror Françesko Kurcionun sözlərinə görə, onların qrupu Basilikata, Siciliya və Apuliya bölgələrində Kalabriyadan olan güclü qrup və mafiya klanları tərəfindən "geniş şəkildə tanınıb".

Həbsdə olanlarla yanaşı, daha 9 nəfər ev dustaqlığına buraxılıb.

Xatırladılır ki, qrupun əsas “maraq dairəsi” narkotik və silah ticarəti olub. Onlar həmçinin qumar aparatları quraşdırıblar, əyləncə obyektlərinin təhlükəsizliyini təmin ediblər və xəstəxana müqavilələri ilə maraqlanıblar.
Əldə edilən gəlirlər cinayətkarlara xeyli miqdarda pulla fəaliyyət göstərməyə imkan verirdi ki, bunun da bir hissəsi məhkum edilmiş tərəfdaşları dəstəkləməyə yönəldilib. Mesajda deyilir ki, Dorino Stefanutti də həbsdə olduğu müddətdə qrup üzərində nəzarəti saxlaya bilib, "əhəmiyyətli maddi yardım" alıbdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə