Açıq havada tibbi maskadan istifadə tələbi

COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artım tendensiyası göstərdiyi İtaliyada bəzi şəhərlərdə açıq havada tibbi maskadan istifadə məcburi olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin şimalında koronavirusa yoluxma halların sürətlə artdığı bəzi şəhərlərdə yerli hökumətlər virusun yayılmasının qarşısını almaq üçün ötən qışda olduğu kimi, yenidən açıq havada tibbi maskadan istifadə tələbi qoyub.

İtaliyanın ikinci böyük şəhəri Milanda, eləcə də Berqamoda 27 noyabr - 31 dekabr tarixlərində açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Bolonya şəhərində isə noyabrın 26-dan gələn il yanvarın 9-dək açıq havada maska taxmaq məcburiyyəti qoyulub.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 13 min 764 nəfər artaraq ümumilikdə 4 milyon 968 min 341-ə çatıb. Koronavirusun qurbanlarının sayı isə 71 nəfər artaraq 133 min 486-ya yüksəlib.

Ötən gün ölkədə 649 min 998 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 166 min 598 nəfər, reanimasiya şöbəsində olan xəstələrin sayı 588-dir. Virusdan sağalanların sayı isə 6404 nəfər artaraq 4 milyon 668 min 257 nəfər olub.

Keçən il dekabrın 27-dən indiyədək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 94 milyon 381 min 85 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45 milyon 530 min 428 nəfərdir. Ölkə üzrə 12 yaşdan yuxarı peyvənd olunanların nisbəti əhalinin 84,3 faizini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...