Hollandiya hakimiyyəti məsuliyyət daşıyanları cəzalandırmaq çağırışı edib İĞTİŞAŞLARA GÖRƏ

Hollandiya hakimiyyəti məsuliyyət daşıyanları cəzalandırmaq çağırışı edib İĞTİŞAŞLARA GÖRƏ

Hollandiyanın ədliyyə və təhlükəsizlik naziri vəzifəsini icra edən Ferd Qrapperhaus Rotterdamda koronavirusla bağlı yeni məhdudiyyətlərə qarşı keçirilən etiraz aksiyalarında baş verən iğtişaşları pisləyib və onları təhrik edənlərin cəzalandırılmasını istəyib.SİA xəbər verir ki, bu barədə hökumətin saytında yerləşdirilən bəyanatda deyilir.

"Dünən gecə Rotterdamda polisə, xüsusi təyinatlılara və yanğınsöndürənlərə qarşı iğtişaşları və ifrat zorakılığı izləmək dəhşətli idi. Təhlükəsizliyimiz üçün hər gün küçələrə çıxan kişi və qadınlara hücum edilir, daş və atəşfəşanlıq edilir, zorakılıq olur.", deyə Ferd Qrapperhaus bildirib.

O qeyd edib ki, iğtişaşların bir sıra iştirakçıları artıq saxlanılıb, yaxın günlərdə və həftələrdə daha da çox həbslər olacaq.

"Polis və prokurorlar bu iğtişaşçıların izinə düşmək, mühakimə etmək və cəzalandırmaq üçün əlindən gələni edir. Milli Cinayət Axtarış İdarəsi nə baş verdiyini aydınlaşdırmaq üçün atışma hadisələrini araşdırır... Etiraz bizim cəmiyyətin hüququdur, amma dünən gecə gördüklərimiz sadəcə olaraq, cinayət davranışıdır. Bunun nümayişlə heç bir əlaqəsi yoxdur", deyə o əlavə edib.

Xatırladaq ki, cümə günü Rotterdamda iğtişaşlarla nəticələnən COVID-19-un yayılmasının qarşısını almaq üçün yeni məhdudlaşdırıcı tədbirlərə qarşı etirazlar keçirilib. Etirazçıların dağıdılması zamanı polisin xəbərdarlıq atəşi açması nəticəsində 7 nəfərin yaralandığı bildirilib. Polis azı 20 nəfəri saxlayıb.

Diqqətə çatdıraq ki, keçən həftə Hollandiyanın Baş Naziri vəzifəsini icra edən Mark Rutte ölkə hakimiyyətinin koronavirusun yayılması ilə mübarizə üçün bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəldiyini, onların dekabrın 4-dək qüvvədə olacağını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə