Miqrantlar Belarus-Polşa sərhədini tərk etmək istəyirlər

Miqrantlar Belarus-Polşa sərhədini tərk etmək istəyirlər

Belarusun Polşa ilə sərhədində yerləşən Bruzqi logistika mərkəzində yaşayan daha 60-a yaxın miqrant İraqa qayıtmaq arzusunda olduqlarını bildirib. SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə Ümumdünya Yezidilər Konqresinin sədr müavini Xudo Bakoyan bildirib.

Qeyd edək ki, yezidilər Yaxın Şərqdə yaşayan etno-konfessional qrupdur. Yezidilərin böyük diasporları Ermənistan, Rusiya və Avropa İttifaqında yaşayır. Dil və etnik baxımdan yezidilər müsəlman kürdlərə yaxındırlar.

"İndi mərkəzdən gələn miqrantlar İraqa qayıtmağa hazır olanların siyahılarını tərtib edirlər, mən onlara bu işdə tərcümələrlə köməklik edirəm. Artıq 60-a yaxın insan bu siyahıya yazılıb", deyə Bakoyan RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, hazırda Bruzqi mərkəzində 150-yə yaxın yezidi yaşayır. Qalanları İraq və Suriyadan olan kürdlər və ərəblərdir.

Bakoyanın fikrincə, yezidilər İraqa qayıtmağa qorxurlar, çünki 2014-cü ildə “İŞİD tərəfindən soyqırım yaşayıblar.

Xatırladaq ki, son həftələrdə bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb. Bütün bu ittihamları Belarus Polşanın miqrantları öz ərazisinə zorla qovduğunu iddia edərək rədd edir.

Diqqətə çatdıraq ki, Belarus hakimiyyəti miqrantlara tibbi yardım göstərir, onları yemək və geyimlə təmin edir. Onlar sərhədə yaxın ticarət və logistika mərkəzinə yerləşdirilib. Bundan əvvəl BMT nümayəndələri qaçqınlara baş çəkərək onlara humanitar yardımlar veriblər. Miqrantların bəziləri vətənlərinə qayıtmaq qərarına gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə