“Əlaqələrimiz hazırda qeyri-müəyyəndir” PENTAQON RƏHBƏRİ ŞƏRH EDİB

“Əlaqələrimiz hazırda qeyri-müəyyəndir” PENTAQON RƏHBƏRİ ŞƏRH EDİB

Birləşmiş Ştatlar Əfqanıstanın yeni hökuməti ilə münasibətlərinin necə qurulacağını hələ deyə bilmir, bunun üzərində iş davam edir. SİA xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Loyd Ostin şənbə günü illik Manama Dialoqu beynəlxalq konfransında çıxış edərkən söyləyib.

"Yeni hökumətin son nəticədə hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Əfqanıstanda gələcək hər hansı hökumətlə əlaqələrimiz hazırda qeyri-müəyyəndir. Bunun üzərində iş davam edir. Gəlin görək bundan sonra nə olacaq", deyə Ostin bildirib.

Onun sözlərinə görə, yaxın perspektivdə hazırkı Amerika administrasiyası üçün əsas prioritet Əfqanıstanı tərk etmək istəyən Amerika vətəndaşlarının və Amerika missiyası ilə əməkdaşlıq etmiş əfqanların ölkədən çıxarılmasıdır.

Diqqətə çatdıraq ki, Bəhreyndə regional təhlükəsizlik konfransı keçirilib və Pentaqon rəhbəri də bu konfransda iştirak edir.

Xatırladaq ki, avqustun əvvəlində Taliban üzvləri Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdilər, avqustun 15-də Kabilə giriblər və ertəsi gün müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsi ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə