Rusiya qazına alternativ TAPILIB

Kiyev daha çox istiliyə ehtiyac duyulan mövsümdə qaz qıtlığı yaranacağı təqdirdə Slovakiyadan qaz almaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Maksim Nemçinov "1+1" telekanalının efirində deyib.

"Bu gün anbarlarımızda kifayət qədər təbii qaz var. Onu da vurğulamaq istərdim ki, qıtlıq yarandıqda belə onu idxal etmək imkanımız var". Deyib Nemçinov və argumenti.ru onun sözlərindən sitat gətirib.

Nemçinovun sözlərinə görə, Ukrayna qonşu Slovakiyadan qaz ala biləcək. O, həmçinin bildirib ki, “Naftoqaz”ın satınalmaları həyata keçirmək üçün kifayət qədər vəsaiti və ehtiyat imkanları var.

Nazir müavininin proqnozlarına görə, qışın sonunda Kiyevin qaz almalı olacağı qiymət min kubmetr üçün təxminən 26 min qrivna (təxminən min dollar) təşkil edəcək.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Eduard Heqerlə yanacaq tədarükünün artırılması imkanlarını müzakirə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna 2015-ci ildən bəri Rusiyadan birbaşa qaz almır. Ölkə yanacaqla virtual tərs deyilən sistem vasitəsilə təmin edilir, qaz Avropa ölkələrinə gedən tranzit həcmlərindən götürülür. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiya Federasiyasından yanacağın alınması ölkənin suverenliyinə birbaşa təhlükə yaradacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə