Türkmənistan prezidenti çağırış edib TÜRKDİLLİ ÖLKƏLƏRƏ

Türkmənistan prezidenti çağırış edib TÜRKDİLLİ ÖLKƏLƏRƏ

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov türkdilli dövlətləri dünya birliyinin üzləşdiyi problemlərin həlli üçün əlaqələndirilmiş yanaşmaları inkişaf etdirməyə çağırıb. SİA xəbər verir ki, Türkmənistan lideri bu çağırışı İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə toplantısında çıxışı zamanı edib.

“Mən qardaş xalqlar və dövlətlər arasında münasibətləri gücləndirməyi, dünya birliyinin qarşısında duran, dünyada baş verən qeyri-müəyyən proseslər və ciddi dəyişikliklər fonunda xüsusilə vacib olan problemlərin həllinə koordinasiyalı yanaşmanı təklif edirəm”, deyə Berdiməhəmmədov bildirib.

Onun sözlərinə görə, türkdilli ölkələrin nüfuzu və strateji siyasi-diplomatik konyukturası ilə müəyyən edilən ardıcıllıq və fəallıq beynəlxalq və regional proseslərdə, ilk növbədə, Mərkəzi Asiyada davamlı inkişafın təmin edilməsində əsas rol oynaya bilər.

Türkmənistanın başçısı vurğulayıb ki, hazırkı şəraitdə türk ölkələrinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətini genişləndirmək lazımdır.

"Bununla əlaqədar olaraq biz türkdilli dövlətlər birliyinin BMT-nin işində daha fəal və səmərəli iştirakı strategiyasının işlənib hazırlanmasına başlamağı məqsədəuyğun hesab edirik. Birliyimizlə BMT arasında əməkdaşlığın xüsusi beynəlxalq sənəddə təmin edilməsini məqsədəuyğun hesab edirik”, deyə Berdiməhəmmədov fikirlərinə əlavə edib.

Onun sözlərinə görə, bu təklif üzrə konsensus əldə olunarsa, yaxın vaxtlarda BMT Baş Assambleyasında ilkin diplomatik prosedura başlamaq, daha sonra isə müvafiq qətnamənin ümumi layihəsi ilə çıxış etmək olar.

“Bu, türkdilli ölkələr və BMT arasında sistemli qarşılıqlı fəaliyyətin qurulması üzrə konstruktiv və vahid mövqeyə beynəlxalq ictimaiyyət tərəfindən anlayış və dəstək əldə etməyə kömək edəcək, eyni zamanda ümumi maraqlar naminə səylərin birləşdirilməsi üçün effektiv vasitəyə çevriləcək”, deyə Türkmənistan prezidenti vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə