Təbii ki, Ermənistanın iqtisadiyyatının tənəzülə getdiyini təkrar kimi bildirmək, məncə elə də bir yenilik kimi qəbul edilməməlidir. Məsələ bundadır ki, bunu etiraf edən erməni iqtisadçılarının əksəriyyəti artıq bununla barışmaq zorunda qalıblar. Amma buna baxmayaraq, onları qıcıqlandıran məlum narahatedici tendensiyaların hakimiyyət tərəfindən xalqa uğur kimi təqdim edilməsidir.
Beləliklə, erməni saytları ölkə iqtisadiyyatının əsas sektorlarındakı vəziyyətlə bağlı bir neçə faktı təqdim edirlər. Məsələn, saytlardan biri, ilk növbədə, hökumətin yaxın bir neçə il üçün prioritet elan etdiyi sahələri - kənd təsərrüfatı və tikintini nümunə üçün təqdim edir.
...Deməli, ilk olaraq kənd təsərrüfatı. Erməni saytı rəsmi statistikanın son məlumatlarına istinad edərək ölkənin kənd təsərrüfatı sektorundakı azalmanı göstərir. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatındakı azalma 1,3 faiz təşkil edib. Belə görünür ki, 1,3 faiz elə də böyük bir rəqəm deyil. Amma unudulmamalıdır ki, burada hesablama köhnə qiymətlərlə aparılıb. Belə ki, burada sonrakı qiymət artımını nəzərə alsaq, bu zaman azalmanın daha da böyük olduğunu deməyə ehtiyac olmayacaq.
Bundan başqa, yenə də rəsmi statistikaya görə, bitkiçilikdə məhsul istehsalının həcmi 2,4 faiz, heyvandarlıqda isə 0,4 faiz azalıb.
“...İlk baxışdan tikintidə vəziyyət daha yaxşı görünür. 6,4 faiz artım qeydə alınıb. Ancaq yenə də keçən ilki karantin, fövqəladə vəziyyət, müharibəni nəzərə alsaq, belə bir artım sadəcə olaraq utancvericidir. Əgər ümumi qiymət artımı amilini nəzərə alsaq, o zaman ümumilikdə reallıqda söhbət artımdan yox, tikinti sənayesində tənəzzüldən gedir. Özünüz mühakimə edin. Bu ilin doqquz ayında 254 milyard dram (keçən ilki göstəricidən 6,3 faiz çox) tikinti işləri görülüb. Lakin həmin dövrdə tikinti materiallarının qiymətləri astronomik dərəcədə artıb. Hətta rəsmi statistikaya görə, tikintidə qiymət indeksi 13 faiz bahalaşıb. Yəni dramla yox, kvadratmetrlə hesablasanız, tikintinin həcmi artmayıb, əksinə azalıb. Nəzərinizə çatdırım ki, bu, hökumət üçün prioritet sahədir”. Bu da erməni saytının etirafıdır.
Yeri gəlmişkən, bu günlərdə Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan gələn ildən sadə əhaliyə satılan qazın tarifinin dəyişməyəcəyini deməklə ermənilərə xoş müjdə verib. Amma, maraqlıdır ki, bəzi erməni iqtisadçıları onun bu dediklərini ekstrasenslik kimi təqdim edirlər. Məsələ bundadır ki, ermənilər Rusiya ilə qazın sərhəddəki qiymətilə bağlı danışıqları elə bu gün də davam etdirirlər.
Ona görə də, Baqramyanın indidən belə bir müjdə verib özünü “şirin salması” yersiz görünür. Amma deyəsən sonradan da olsa, o da bu səhvini başa düşüb deyə, qiymətlərin danışıqların necə başa çatacağından asılı olacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB