“Əgər biz qapıları açsaq, Yunanıstan nə edər”

Paytaxt Ankarada Türkiyəyə rəsmi səfərə gələn Macarıstanın Baş naziri Viktor Orbanı Ərdoğan qəbul edib
“Əgər biz qapıları açsaq, Yunanıstan nə edər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Amerika Birləşmiş Ştatlarının bazası vəziyyətinə düşdüyünü söyləyib.

Paytaxt Ankarada Türkiyəyə rəsmi səfərə gələn Macarıstanın Baş naziri Viktor Orbanı Ərdoğan qəbul edib. SİA bu barədə türk mətbuatına istinad edir.

İki ölkə başçısı beynəlxalq və regional mövzularda fikir mübadiləsi aparıblar.

Prezident Aparatında təşkil edilən ortaq mətbuat konfransındakı çıxışında Ərdoğan deyib: “Türkiyə və Macarıstan arasında ikitərəfli ticarəti 3 milyarddan 6 milyard dollara çıxarmaq fikrindəyik.

Türkiyə - Avropa İttifaqı əlaqələrinin əhəmiyyətini anlayaraq bizə hər zaman lazımlı dəstəyini verən hörmətli Orbana, Macarıstana öz və millətim adından təşəkkür edirəm. Üzvlük müddətimizə verdikləri güclü dəstəyi heç vaxt unutmayacağıq. Görüşlərimizin bundan sonra da birlik düşüncəsi ilə güclənərək sürməsini təmənna edirəm.”

Ərdoğan çıxışında Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin şərhlərinə də toxunaraq bunları söyləyib: "5 milyona yaxın mühaciri ölkəsində yerləşdirən, onlara ev sahibliyi edən bir ölkəyə “qaçqın problemi Türkiyədən qaynaqlanır” demək nankorluqdur. Əgər biz qapıları açsaq, Yunanıstan nə edər, bilmirəm. Egey, Aralıq dənizlərində mühacirlərin rezin qayıqlarına zərər yetirərək onları ölümə məhkum edən ölkə Yunanıstandır. Əlimizdə sənədlər var.

ABŞ Yunanıstanın Dedeağaç bölgəsində hərbi baza qurub. Bununla Yunanıstan özü Amerikanın bazası vəziyyətinə düşüb.”

Mətbuat konfransında Macarıstanın Baş naziri Viktor Orban öz növbəsindəki çıxışında Avropa İttifaqının Türkiyəyə köç mövzusunda yüksək miqdarda dəstək verməli olduğunu bir daha vurğulayıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə