Ərzaq paylanarkən dava düşüb - MİQRANTLAR ARASINDA

Ərzaq paylanarkən dava düşüb - MİQRANTLAR ARASINDA

Belarus-Polşa sərhədində yerləşən qaçqın düşərgəsində ərzaq paylanması amansız və kütləvi dava ilə yekunlaşıb. SİA xəbər verir ki, Sputnik Belarus bu barədə məlumat yayıb və agentlik bununla bağlı video yayımlayıb.

Videoda bir neçə nəfərin növbə gözləmədən BMT nümayəndələrinin əlindən yemək qoparmağa başladığı görünür. Bu, orada olanlar arasında mübahisəyə səbəb olub. Daha sonra bəzi miqrantlar uşaqların aldıqları konfeti götürmək qərarına gəliblər ki, bu da əlbəyaxa davaya səbəb olub.

Qeyd edək ki, ötən bazar ertəsi Belarusda Afrika və Yaxın Şərqdən olan 2000-dən çox qaçqın Aİ-yə daxil olmaq üçün Polşa sərhədinə gəlib. Rəsmi Varşava bunu “kütləvi güclə nüfuz etməyə ən böyük cəhd” kimi qiymətləndirib və sərhəd təhlükəsizliyini gücləndirib. Qaçqınlara qarşı bibər qazından istifadə edilib və Polşa sərhədçiləri tərəfindən atəş açıldığı barədə məlumatlar da var.

Xatırladaq ki, çadır şəhərciyində minlərlə miqrant qalır, uşaqlar arasında körpələr də var. İnsanlar Avropa İttifaqının ərazisinə daxil olmaq üçün tikanlı məftilləri yarmaq cəhdlərini davam etdirmək niyyətindədirlər. Polşanın baş naziri Mateuş Moravieski söz verib ki, Varşava buna nail olan qaçqınları Belarusa qaytaracaq. Siyasətçi həmçinin baş verənləri təhlükəsizliyin və sərhədlərin toxunulmazlığının kobud şəkildə pozulması adlandırıb.

Ölkə hakimiyyəti 16 min təhlükəsizlik işçisini sərhəd zonasına çəkib. Polşa prezidenti Anjey Duda Belarus lideri Aleksandr Lukaşenkonu “kütləvi hibrid hücumda” ittiham edib. Rəsmi Minsk isə bunu təkzib edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə