Koronavirus dalğası pik həddə çatdı

Koronavirus dalğası pik həddə çatdı

Avropa qitəsi pandemiyanın episentrinə çevrilsə də, Mərkəzi Avropada vəziyyət xüsusilə ağırdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, virusun qış ayları ilə birlikdə təsirini ikiqat artırdığı iddia olunur. Slovakiya, Macarıstan və Çexiya kimi ölkələrdə yoluxma sayının rekord qırdığı açıqlanıb. 14 539 yoluxma ilə Çexiya pandemiyanın başlanğıcından bəri ən çox xəstənin bu gün qeydə alındığını elan edib. Bildirilib ki, 462 nəfər reanimasiyadadır.

Macarıstanda da oxşar vəziyyət müşahidə olunur. Ölkədə bu gün yoluxma sayının 8434 olduğu və bu rəqəmin pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığı bildirilib. Qeyd olunub ki, ölkədə səhiyyə sistemi həyəcan təbili çalmağa başlayıb.

Slovakiya da Mərkəzi Avropa ölkələri arasında yoluxma sayının ən çox olduğu ölkələrdən birinə çevrilib. Burada 7055 yoluxma faktı qeydə alınıb.

Rusiyada koronavirusdan ölənlərin sayı hər gün yeni rekord qırır. Bu gün ölkədə virusdan 1239 nəfərin öldüyü açıqlanıb və bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək ölüm sayı kimi müəyyən edilib. Yeni yoluxma isə 39 160 olub. Rusiya keçən həftə ərzaq mağazaları və apteklərdən başqa bütün iş yerlərini bağlamış və ölkədə 10 günlük karantin elan etmişdi. Lakin nəticələr onu göstərir ki, məhdudiyyətlər işə yaramır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə