Prezidentin andiçmə mərasimi şənbə günü olacaq

Prezidentin andiçmə mərasimi şənbə günü olacaq

Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi noyabrın 6-da ölkə parlamentinin hər iki palatasının birgə iclası zamanı baş tutacaq. SİA xəbər verir ki, bu barədə cümə günü parlamentin qanunvericilik palatasının mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 6-da saat 11.00-da Daşkənd şəhərində Özbəkistan Respublikası Ali Məclisinin qanunvericilik palatasının və Senatının Özbəkistan Respublikasının seçilmiş prezidentinin andiçmə mərasiminə həsr olunmuş birgə iclası keçiriləcək”, deyə məlumatda bildirilir.

Ölkənin seçki məcəlləsinə uyğun olaraq, Özbəkistan prezidenti respublika parlamentinin hər iki palatasının birgə iclasında and içdiyi andan MSK-nın prezident seçkilərinin nəticələrini rəsmən elan etdiyi gündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlayır.

Xatırladaq ki, oktyabrın 24-də Özbəkistan Respublikasında prezident seçkiləri keçirilib. MSK bütün bülletenləri hesabladıqdan sonra 80,12 faiz səs toplayan Mirziyoyevin qalib gəldiyini elan edib. Seçkilərdə beş namizəd iştirak edib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə