Beş uşağını öldürən anaya hökm oxunub ÖMÜRLÜK CƏZA VERİLİB

Almaniya məhkəməsi özünün beş uşağını öldürən anaya ömürlük həbs cəzası verib. SİA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Prokurorun sözlərinə görə, 6 uşaq anası olan 28 yaşlı qadın beş uşağa narkotik verib, sonra isə onları boğub. İstintaqın məlumatına görə, qadın sosial şəbəkələrdə ərinin yeni partnyoru ilə fotosunu görüb və kişini uşaqları bir daha görməyəcəyi ilə bağlı mesajla hədələdikdən sonra cinayəti törədib.

Qeyd olunur ki, uşaqların meyitləri çarpayılarında tapılıb. Qadın iddia edib ki, naməlum şəxs mənzilə girərək onu bağlayıb, mesaj yazmağa məcbur edib və uşaqları öldürüb. Məhkəmə-tibb ekspertləri qadında ciddi ruhi xəstəlik əlamətlərinin olmadığını təsdiqləyiblər. Qadının vəkili ona bəraət verilməsini istəyib.

Xatırladaq ki, 3 sentyabr 2020-ci ildə Alman polisi Solingendəki yaşayış binalarının birində mənzildə beş uşağın cəsədini tapıb. Onların Almaniya vətəndaşı olan anası altıncı uşağı, 11 yaşlı oğlu ilə gəldiyi Düsseldorfdakı qatar stansiyasında intihara cəhd edib. Qadın ağır yaralanıb və xəstəxanaya aparılıb, oğlan isə xəsarət almayıb. Ölən qardaş və bacıların yaşları bir ilə səkkiz arasında olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə