Koronavirus testi olmadan kilsələrə buraxılmamaq tələb edildi

Koronavirus testi olmadan kilsələrə buraxılmamaq tələb edildi

Yunanıstanın ən böyük müxalifət partiyası olan Radikal Solların SİRİZA Koalisiyasının lideri Aleksis Sipras hökumətdən peyvənd olunmamış insanlar üçün məhdudiyyətləri genişləndirməyi və onların koronavirus testi olmadan kilsəyə daxil olmasına icazə verməməyi tələb edir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı bəyan edib.

Qeyd edək ki, Yunanıstanda noyabrın 6-dan koronavirusun yayılması ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək, onlar yalnız peyvənd olunmamış vətəndaşlara təsir edəcək və COVID-19 testi olmadan onlar yalnız ərzaq mağazasına, aptekə və kilsəyə baş çəkə biləcəklər. Peyvənd şəhadətnaməsi və ya son 6 ay ərzində keçdiyi xəstəlik haqqında arayışı və ya koronavirus testi olmayanların bundan sonra banklara, dövlət qurumlarına, ticarət mərkəzlərinə, bərbər salonlarına, iaşə və əyləncə obyektlərinə buraxılmasına icazə verilməyəcək.

Sipras, Kiriakos Mitsotakis hökumətinin "pandemiya ilə ciddi və məsuliyyətlə məşğul ola bilməyəcəyini və istəmədiyini" söyləyib.

"Onun yeganə meyarı insan həyatı deyil, siyasi qiymətdir. Ona görə də hökumət peşə və sosial sahədə sərt tədbirlər haqqında heç vaxt düşünməyib. Bu baxımdan hazırda seçmə üsullarla tədbirlər elan edirlər", deyə Sipras bildirib.

"Bu gün biz tədbirləri genişləndirmək və peyvənd olunmamış vətəndaşların ibadət yerlərinin girişində testini təmin etmək üçün düzəliş edirik", deyə Sipras əlavə edib.

Xatırladaq ki, Sipras 2015-2019-cu illərdə hakimiyyətdə olarkən dövlətin kilsədən ayrılmasını təklif etsə də, Yunanıstan parlamenti vasitəsilə konstitusiya dəyişiklikləri həyata keçirə bilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə