Rusiya və Azərbaycan sərhədin demarkasiyası üzrə iş planını təsdiqləyib RUSIYA MƏTBUATI YAZIR
Rusiya və Azərbaycan dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın 2022-ci il üçün iş planını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən Rusiyaya məxsus RİA Novosti agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunub ki, ötən həftə Pyatiqorskda Rusiya-Azərbaycan Birgə Demarkasiya Komissiyasının onuncu iclası keçirilib.
“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2022-ci il üçün İş Planı təsdiq edilib”, deyə Rusiya XİN-in məlumatında bildirilir.
Eyni zamanda vurğulanır ki, görüşdə tərəflər bəyan ediblər ki, Rusiya-Azərbaycan Birgə Demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planı tam yerinə yetirilib və Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır.
"Görüşün vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", deyə agentlik Rusiya XİN-dən aldığı məlumata istinadən qeyd edib.
Xatırladaq ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında sərhəd 2010-cu il oktyabrın 3-də Bakıda imzalanmış müqavilə ilə müəyyən edilib. O, ratifikasiya sənədlərinin mübadiləsi günündən - 2011-ci il iyulun 18-dən qüvvəyə minib. Rusiya ilə Azərbaycan arasında quru dövlətlərarası sərhədin uzunluğu 284 kilometrdir. Bundan əvvəl tərəflərin nümayəndələri Rusiya-Azərbaycan dövlət sərhədində mübahisəli məsələnin olmadığını bildiriblər. Sərhəd sazişləri artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub.
Rusiya-Azərbaycan birgə demarkasiya komissiyasının yaradılması haqqında əsasnamə isə 2013-cü il mayın 15-də Moskvada imzalanıb. Buna uyğun olaraq, müştərək komissiya xüsusilə aerofotoqrafiya, geodeziya və kartoqrafiya işlərini təşkil edir və onların yerinə yetirilməsinə nəzarət edir. Bundan əlavə, sənəddə sərhəd nişanları və onların quraşdırılması yerləri, coğrafi adların tərəflərinin dillərində tələffüz qaydaları müəyyən edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB