Lepexinin dedikləri erməniləri qane etmir

Rusiyalı məmur 44 günlük müharibədə Azərbaycanın ermənilərin belini qırmasını bu ölkənin əldə etdiyi iqtisadi göstəricilərlə əlaqələndirir
Lepexinin dedikləri erməniləri qane etmir

...Deyirəm, bu gün ermənilər dərdlərinə “şərik olmaq üçün” adam gəzirlər. Bir yandan rusları “satqın”, onlara “qahmar çıxmadığına görə” “xain” adlandırırlar, digər tərəfdən Rusiyanın ayrı-ayrı səlahiyyətlilərinə yalmanaraq sorğuya çəkib onlardan kömək diləyirlər. Təbii ki, bu məqamda təsəlli ümmaq nə qədər “ağrılı” olsa da, amma təsəlli vermək bu təsəllini verənə elə də çətin ğörünməməlidir. Təsadüfi deyil ki, başqasına təsəlli verməyin ən asan şey olduğunu təsadüfi deməyiblər.

Beləliklə, qeyd edək ki, ermənilərin Avrasiya İqtisadi birliyinin direktoru Vladimir Lepexinə üz tutub ondan kömək də olmasa, təsəlli diləmələri birinci dəfə deyil. İnsafla desək, rusiyalı səlahiyyətli də, heç vaxt erməniləri naümid qaytarmayıb, yəni imkan daxilində öz təsəllisini onlardan əsirgəməyib.

Qeyd edilməlidir ki, ermənilərin Vladimir Lepexinə bu dəfəki şikayətlənib kömək diləmələri əvvəlkilərdən fərlənir. Məsələn ermənilər deyirlər ki, bu il mayın 12-dən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinə “daxil olublar və indi də oradan çıxmaq istəmirlər”. Baş nazir Nikol Paşinyan isə yalandan da olsa, “ağlabatan müddətdə” azərbaycanlıların “erməni torpaqlarından” çıxarmayacağı təqdirdə güc tətbiq ediləcəyini deyir. Amma nəynən, bax bu bizə qaranlıqdır...

Ona görə də ermənilər düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün Lepexinə üz tutub Rusiyanın bu məsələnin həllində onlara yardımının nə ola biləcəyini soruşurlar.

Lepexin də onları başa salmağa çalışır ki, bu gün rus sülhməramlıları Qarabağdakı erməniləri qorusa da, Rusiya Ermənistanı tam müdafiə edə bilməz. Ona görə ki Rusiyadan bunu tələb etməyən Ermənistan, bundan əlavə, Kremllə güclü və strateji hərbi ittifaq da qurmayıb. Doğrudur, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf edir, lakin Rusiya birtərəfli qaydada Ermənistan ərazisində Azərbaycan və ya götürək ki, elə Türkiyəyə qarşı fəaliyyətini intensivləşdirə bilməz. Çünki bu, özbaşınalıq və təcavüz aktı kimi qiymətləndiriləcək.

...Təbii ki, ermənilərin ürəyincə olmayan bu cavab onları elə də qane edə bilməz. Ona görə də onlar rus sülhməramlılarının buralardan gedəcəyi dövrə qədər, heç olmasa “artsax”ın statusu məsələsini “həll etməkdə” onlara yardımçı olmalarını təvəqqe edirlər.

Lepexin bu dəfə çox nəzakətlə onları başa salmağa çalışır ki, status məsələsi bir-iki gündə həllini tapan məsələ deyil. Bunun üçün illər lazımdır. Amma statusun dəyişməsi yalnız regionda baş verən ciddi sarsıntılar, məsələn, böyük müharibə nəticəsində baş verə bilər.

Deyəsən, bu da erməniləri qane etmədi deyə, onlar Lepexinə yaxınlarda onun öz dilindən səsləndirdiyi “Rusiya Ermənistanın iqtisadi suverenliyinin əsas təminatçısıdır” fikrini xatırladırlar.

Rus səlahiyyətlisi bu dəfə ermənilərə adam dilində, “ölkənin suverenliyinin özünü təmin edən iqtisadiyyata əsaslandığını” başa salmağa çalışır. O ermənilərə bunun bir tərəfdən ölkəyə kifayət qədər yüksək iqtisadi artım və ixrac məhsulunu təmin etməyə imkan vediyini deyir: “...Təəssüf ki, Ermənistanda çoxları bunu başa düşmür”. (...bu elə də inandırıcı görünmür)

Bunu etiraf edən Lepexin onlara 44 günlük müharibədə Azərbaycanın ermənilərin belini qırmasını bu ölkənin əldə etdiyi iqtisadi göstəricilərlə əlaqələndirir. O, Azərbaycanın son onilliklərdə postsovet məkanında ən yüksək iqtisadi artım tempinə malik olduğunu deyib, bunu az qala onların “gözünə soxmağa” çalışır.

...Və sual edir: bəs, Ermənistanda nələr olur? Bu gün heç bir milli iqtisadiyyatı olmayan, təsadüfi ianələr hesabına yaşayan ölkənin “suverenliyindən” danışırlar. Təbii ki, belə olan halda, ölkədən qaçanların qabağını almaq bundan sonra da ölkə rəhbərliyi üçün çətin olacaq.

...Deyəsэn, bu da erməniləri qane etmədi axı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə