İran Moskva formatını dəstəkləyir

Tehran Əfqanıstanda sülh və sabit inkişafa səbəb olacaq istənilən danışıqlar formatını, o cümlədən Moskva formatını dəstəkləyir. SİA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü bildirib və onun sözlərini IRNA agentliyi sitat gətirib.

"Moskva formatı müxtəlif ölkələrin xüsusi nümayəndələrinin iştirakı ilə formalaşıb. Biz Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına kömək edəcək bütün formatları, o cümlədən Moskva formatını alqışlayırıq. Bunun üçün Moskvaya təşəkkür edirik", deyə Abdullahian bildirib.

Qeyd edək ki, Əfqanıstan üzrə məsləhətləşmələrin “Moskva formatı” 2017-ci ilin aprelində yaradılıb. Bu, Əfqanıstanın nizamlanmasında maraqlı olan 11 ölkəni birləşdirir. Bunlar Rusiya, Əfqanıstan, Çin, Pakistan, İran, Hindistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandır. Rusiya Federasiyası ənənəvi olaraq ABŞ-ı Moskva formatlı görüşlərə dəvət edir. Lakin Vaşinqton heç bir görüşdə iştirak etməyib.

Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə